Siyasət 24 İyun 2023, 16:50 | Baxış sayı: 100
"Qarabağdakı erməni əsilli sakinlərimizin təminatını Azərbaycan həll etməlidir"

"Azərbaycanın atdığı bütün addımlar xalqın, dövlətin milli maraqlarına uyğundur və sülhə xidmət edir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputat bildiirb ki, Laçın yolunun bağlanmasının günahkarı yalnız Ermənistandır:

"Sərhəd-buraxılış məntəqəmizə güllə atılmasaydı və sərhəd xidmətimizin əməkdaşı xəsarət almasaydı, yol öz axarı ilə fəaliyyətini davam etdirərdi. Bu gün isə yeni vəziyyət yaranmışdır. Ərazilərimizə heç bir müdaxilə oluna bilməz. Əgər kimsə buna cəhd edərsə, cavabı hər zaman veriləcəkdir. 

Hesab edirəm ki, Qarabağdakı erməni əsilli sakinlərimizin təminatı və təhlükəsizlik məsələlərini ancaq Azərbaycan həll etməlidir. Artıq həm Ermənistan, həm də onun dayaqları anlamalıdırlar ki, Qarabağ Azərbaycanın suverən ərazisidir və ora ilə bağlı bütün qərarları biz veririk. 

Sərhəd məntəqəsinin yenidən açılması kimlərinsə təzyiqi və diktəsi ilə yox, beynəlxalq normalara uyğun suveren dövlətlərarası sərhəd məntəqəsi kimi və ancaq Azərbaycanın istəyi ilə açılacaqdır. Əgər kimsə bu işə töhfə vermək istəyirsə, Ermənistanı sülh müqaviləsini imzalamağa tələsdirsin. 

Hesab edirəm ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarovanın verdiyi bəyanat əsassızdır".

Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarovanın Laçın dəhlizi ilə bağlı bəyanat verib. 

O, bəyanatda Bakını Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətini tamamilə açmağa çağırıb.

Xəbərlər