Siyasət 19 Sentyabr 2023, 16:52 | Baxış sayı: 183
"Qarabağdakı antiterror tədbirləri sülh üçün yaxşı perspektivlər vəd edir"

Azərbaycan sülhü əldə etməkdə israrlıdır. Çünki hazırkı mərhələdə bu, regionumuz üçün, həmçinin Azərbaycan-Ermənistan münasibətləri üçün ən vacib şərtlərdən biridir. Yəni kommunikasiyaların açılması, regionda rifahın yaranması və iki dövlətin münasibətlərində yeni istiqamətdə sülhün bərqərar olması üçün addımların atılması bir zərurətdir. Odur ki, sülhün qarşısında tormozlayıcı vasitəyə çevrilən bütün maneələrin aradan qaldırılması Azərbaycanın əsas məqsədlərindən biridir.

Bu sözləri Milli Məclisin üzvü, politoloq Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın hazırda gerçəkləşdirdiyi lokal xarakterli antiterror tədbirləri məhz bölgədə təhlükəsizliyin təmin olunmasına hesablanıb:

"Azərbaycan ordusu antiterror tədbirləri ilə sülhə mane olan hərbi hədəfləri aradan çıxarır. Bu, regionun gələcəyi baxımından çox önəmlidir. Eyni zamanda, əvvəlindən bəri aydındır ki, Azərbaycan tərəfinin əsas niyyəti bütün ərazilərimizdə, o cümlədən, Xankəndidə yaşayan ermənilər üçün də qanunlarımızı əlçatan etməkdir. Biz uzun illər erməni separatçılarının əlində girova çevrilmiş, Qarabağda yaşayan dinc erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmasına şərait yaradırıq".

Politoloq vurğulayıb ki, bəhs edilən qüvvələr sülhə mane olurdular. Odur ki, bu gün həyata keçirilən antiterror tədbirləri böyük bir ümid yaradır. "İnanıram ki, bundan sonra sülh üçün yaxşı perspektivlər yaranacaq", - H.Babaoğlu fikirlərini yekunlaşdırıb.

publika.az

Xəbərlər