"Qarabağ Universiteti yüksək ixtisaslı kadrlar hazırlayacaq"
Prezident İlham Əliyevin Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Qarabağ Universitetinin yaradılması haqqında sərəncamı tarixi bir qərardır.
Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycan dövləti və xalqı olaraq bizim missiyamız işğaldan azad olunmuş ərazilərimizə həyatın qaytarılmasıdır: “Qarabağ Universitetinin yaradılması bu baxımdan çox mühüm addımdır. Qarabağ bölgəsində ali təhsil ənənəsi tarixən mövcud olub. Xankəndidə ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Dövlət başçısının sərəncamı ilə Qarabağımızın təhsil ənənələrinin bərpası istiqamətində mühüm addım atılmış oldu. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb. Ona görə də Prezidentin sərəncamında qeyd olunduğu kimi, əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Bu baxımdan Qarabağ Universitetinin yaradılması çox doğru olaraq həm də işğaldan azad edilmiş ərazilərin bərpasının mühüm istiqamətlərindən biri anlamında qəbul olunur”.
Fatma Yıldırım hesab edir ki, yeni yaradılacaq Qarabağ Universitetində elə ixtisaslar olmalıdır ki, burada oxuyan gənclər, yetişən mütəxəssislər təhsillərini başa vurduqda sonra bölgədə qalıb işləməkdə maraqlı olsunlar, Qarabağın inkişafına öz töhfələrini verə bilsinlər: “Əminəm ki, Qarabağ Universiteti azad edilmiş ərazilərdə bərpa-quruculuqla bağlı yüksək ixtisaslı kadrlar hazırlayacaq. Çünki işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və inkişafı konsepsiyasında ən müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Ağıllı şəhər və kəndlərin yaradılması məhz yenilikçi inşaat-mühəndislik işləri tələb edir. Eləcə də müasir texnologiyalara əsaslanan sənaye müəssisələri yaradılır. Həmçinin kənd təsərrüfatının inkişafı da prioritetdir. Ona görə də Qarabağ Universitetində bütün bunlara uyğun ixtisaslar tədris olunmalıdır. Gələcəkdə Qarabağ Universitetində xarici ölkələrdən tələbələrin təhsil alması üçün şərait yaradıla bilər. Bundan başqa, yaxın gələcəkdə digər müvafiq ali məktəblərin filiallarının da Xankəndi şəhərində açılması çox yaxşı olardı. Qarabağın dirçəlişi naminə belə bir zərurət var. Gələcəkdə Xankəndinin gənclər şəhərinə çevrilməsini arzu edirəm. Bu amil bölgəyə yeni nəfəs, yeni ab-hava gətirəcək”.
Deputat Qarabağ Universitetinə peşəkar pedaqoji heyətin, nüfuzlu alimlərimizin cəlb olunacağına da inamını ifadə edib.
APA