Plenar iclaslar 26 Aprel 2022, 12:45 | Baxış sayı: 44
"Qarabağ SSRİ-nin yaranması və süqutunda böyük rol oynayıb".

“Qarabağ lokal ərazi münaqişəsi olmayıb, SSRİ-nin yaranması və süqutunda böyük rol oynayıb. Özü də söhbət təkcə bir milyona qədər köçkünün Vətənə dönüşündən getmir, bütövlükdə Qafqazın xilası, ənənəvi ticarət yollarının bərpası, iqtisadi və siyasi təhlükəsizlikdən gedir”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, hamıya məlumdur ki, Qarabağın bərpasına 100 milyardlarla manat vəsait gərəkdir: “Onu tək bir dövlət qarşılaya bilməz. Elə isə nə üçün Türk Dövlətləri Təşkilatı xeyirxah bir aksiya keçirmir? Yaxud, islam ölkələrinin xüsusi fərqlənməsi hazırki müqədddəs Ramazan ayının xeyirxahlıq, mərhəmət prinsiplərinə uyğun olmazmı? Minaların təmizlənməsinə hərəsi çox yox,10 milyon dollarlıq yardım etsə, tarixi Mina dağını ziyarət etmiş olarlar! O cümlədən, Amerikada general Corc Marşalın əməl varisləri Qarabağda azad edilən torpaqlarda bir küçənin bərpasını üzərlərinə götürə bilməzlərmi? 100 il əvvəl Xəzər dənizinə donanma ilə gələn general Tomsonun Qarabağda yeganə ali hakimiyyət rəhbəri kimi tanıdığı Xosrov bəy Sultanova münasibətini indi Britaniya hökuməti təkrarlasa, Şuşada bir məhəllənin quruculuğunu öz üzərlərinə götürsə, ədalətli olmazmı? İki dəfə Bakıya gələn Şarl de Qollun Müqavimət hərəkatında vuruşan azərbaycanlılara ehtiramını davam etdirmək üçün yenidən seçilən Makrondan çoxmu fədakarlıq tələb olunur? Axı həmin dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar. Biz o şəhərlərdə hər kəsin əməlini öz adı ilə yazıb tarixiləşdirəcəyik. Ona görə də ölkə rəhbərinin Qarabağın Quruculuğuna Beynəlxalq Yardım Fondunun yaradılması ideyasını hər birimiz müdafiə edirik. Yoxsa, son 30 ildə və 44 günlük müharibədə o dövlətlərin davranışları nə olubsa, indi bərpa və yenidən məskunlaşmaya, Böyük Qayıdışa də eyni münasibəti görürük. Lakin “Əliyev planı” onsuz da Marşal layihəsindən daha müqəddəsdir. Çünki onu tək bir dövlət edir! Prezident Əliyev 44 günlük hərbi meydanda kimdirsə, inşaat meydanında da həmin Qurucu liderdir!”.

Xəbərlər