Siyasət 3 Oktyabr 2023, 17:53 | Baxış sayı: 205
“Qarabağ erməniləri onları separatçıların girovluğundan azad etmiş Azərbaycana minnətdar olacaqlar”

Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb.

Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.

Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev bildirib ki, Qarabağda yaşamaq istəyən yerli ermənilərin Azərbaycanın ictimai- siyasi, iqtisadi- sosial və mədəni həyatına reinteqrasiya olunması üçün görüləcək tədbirlərin layihələri artıq hazırdır.

“Bu barədə dövlət başçısı Prezident İlham Əliyev də öz çıxışlarında bildirib. Qarabağın erməni əsilli sakinləri başa düşməlidirlər ki, ictimai-siyasi həyata inteqrasiya onlara hər bir Azərbacan vətəndaşı kimi seçmək, seçilmək, ölkənin ictimai- siyasi həyatında qanunla nəzərdə tutulmuş qayda və formalarda fəaliyyət göstərmək imkanları verir. Ölkə üzrə bütün bələdiyyələrdə olduğu kimi Qarabağ sakinləri də yerli özünü idarəçilik orqanlarının formalaşmasında və fəaliyyətində iştirak edəcəklər”, -deyə deputat C.Feyziyev bildirib.

O qeyd edib ki, separatçıların uzunmüddətli cinayətkar fəaliyyəti nəticəsində hazırda bölgə iflic vəziyyətdədir: “Azərbaycan höküməti həmin yaşayış məntəqələrində qanuni dövlət idarəçiliyi qurumlarını bərqərar etdikdən sonra, ərazilərin bərpası, sakinlərin əmək məşğulluğu və sosial müdafiəsi üzrə çoxsaylı layihələr işə salınacaq. Bölgədəki bütün təhsil ocaqları və səhiyyə müəssisələri öz fəaliyyətinə başlayacaq. Özəl biznesin inkişaf etdirilməsi üçün dövlət proqramlarının tətbiqinə başlanılacaq. Nəzərdə tutulan bütün proqramların həyata keçirilməsi nəticəsində Xankəndiyə, Ağdərəyə, Xocalıya və Xocavəndə qayıdacaq soydaşlarımızla birlikdə erməni əsilli vətəndaşlarımız da insan ləyaqətinə uyğun həyat şəraitinə malik olacaqlar. Əminəm ki, Qarabağın erməni sakinləri də Azərbaycan dövlətinin öz vətəndaşına qayğısını hiss edəcək və onu yüksək qiymətləndirəcəklər. Qarabağ erməniləri onları separatçıların girovluğundan azad etmiş Azərbaycan dövlətinə və xalqına daim minnətdar olacaqlar”.

bakivaxti.az

Xəbərlər