Siyasət 31 Oktyabr 2023, 18:07 | Baxış sayı: 132
"Fransa rəsmilərinin Azərbaycan və Türkiyə barədə iradlar səsləndirməsi gülüncdür"

"Fransa rəsmilərinin Azərbaycan və Türkiyəyə qarşı insan haqları,demokratiya ilə bağlı iradlar səsləndirməsi gülüncdür".

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev deyib.

Deputatın sözlərinə görə, Yelisey sarayından verilən açıqlamalar və bəyanatlar, eləcə də İrəvana edilən ardıcıl səfərlər onu göstərir ki, Cənubi Qafqazda baş verən hadisələrə münasibətdə Fransa prezidenti Emmanuel Makronun öz siyasi taktikası, strategiyası yoxdur: "O sadəcə Türkiyənin Cənubi Qafqaz siyasətini təqlid etməkdən fərqli bir şey düşünə bilmir. Ancaq regiona münasibətdə Türkiyə ilə Fransa arasında mühüm fərqlər var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və hökumət rəsmilərinin Azərbaycana səfərlərinin artması Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrlə bağlıdır. Fransa rəsmilərinin Ermənistan gəzintiləri isə məramı o qədər də aydın olmayan, nəticəsi iflasa uğrayacağı indidən bəlli olan diletantlıqdan başqa bir şey deyil. Fransanın xarici işlər naziri Katrin Kolonanın ardınca İrəvana səfər etmiş mədəniyyət naziri Rima Əbdül Mələkin səsləndirdiyi bəyanatlar və Azərbaycana qarşı irəli sürdüyü iddialar da bu diletantlığın növbəti təzahürüdür”.

O qeyd edib ki, beynəlxalq siyasətin bütün platformalarında xüsusi canfəşanlıq nümayiş etdirən fransız siyasətçiləri siyasi korrupsiyanın klassik nümunələridir: “Bunu hamı bilir, amma korrupsiyaya qarşı araşdırmalar aparan və hesabatlar hazırlayan beynəlxalq təşkilatlar susmağa üstünlük verirlər. Fransanın ədalətsiz olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması ona qarşı mümkün tənqidlərin qarşısını alır. Yelisey sarayı dünya birliyinin ona verdiyi bu imtiyazdan sui-istifadə edir. Əgər belə olmasaydı, elə həmin beynəlxalq təşkilatlar ölkə daxilində və onun hələ də müstəmləkə əsarətində saxladığı ölkələrdə insan haqlarının kobud şəkildə tapdalanmasına göz yummazdılar”.

Parlamentari vurğulayıb ki, dövlət səviyyəsində vətəndaşlara qarşı aparılan dini və irqi ayrı-seçkilik siyasəti müasir Fransanın bugünkü simasıdır: “Vaxtilə işğal etdiyi və bu gün də əsarətdə saxladığı xalqların azadlığını, dilini, dinini və ənənələrini tanımaqdan imtina edən Paris rəsmilərinin hansısa dövlətə, xüsusilə Azərbaycana və Türkiyəyə qarşı insan haqları, demokratiya və başqa yüksək materiyalarla bağlı iradlar səsləndirməsi gülünc və absurddur. Dəniz aşırı ərazilərini orta əsrlər qaydaları ilə idarə edən, o ərazilərin əhalisini kütləvi qırğınlara məruz qoyan, təbii resurslarını vəhşicəsinə soyub talayan, mədəniyyətini məhv edən bir dövlətin məmurlarının erməni “təəssübkeşliyini” anlamaq çətin deyil. Onlar Ermənistanı özlərinin yeni müstəmləkəsinə çevirməyə çalışırlar. Qərbi Afrikada itirdikləri nüfuz və səlahiyyətlərini İrəvan üzərində bərpa etməyə çalışırlar. Türkiyə və Azərbaycan Fransanın Cənubi Qafqaza hər hansı təsirini neytrallaşdırmaq üçün kifayət qədər gücə və siyasi iradəyə sahibdirlər”.

report.az

Xəbərlər