"Qanunvericilik orqanının kənarında olan ictimai rəy liderlərinin, blogerlərin, media strukturlarının, klassik qələm adamlarının hamısını parlament çevrəsində toparlamaq lazımdır".
Zahid Oruc: “Prezidentdən, Birinci-vitse-prezidentdən və Silahlı Qüvvələrdən savayı yerdə qalan strukturların – həm hökumətin, həm parlamentin, həm də məhkəmə orqanlarının ictimai rəydə nüfuzu aşağıdır”
Parlament fəaliyyətinin qiymətləndirilməsi üçün dünyada onlarla meyar mövcuddur. Bunlar yalnız qanun istehsalı prosesi ilə əlaqəli deyil. Təbii ki, hüquqyaratma ali dövləti fəaliyyətdir və bu missiya bütün dünyada məhz parlamentlərin üzərindədir. Qədim Roma Senatından bu yana ənənələr belə formalaşıb. Lakin digər tərəfdən, qanunverici orqanlar həm də xalqla birbaşa işləyən, ictimai-siyasi həyatı dərindən bilən, dövlət quruculuğu prosesində aktiv iştirak edən, büdcə vasitəsilə bu siyasəti tənzimləyən, onun icrasına nəzarət, hesabatlılıq qəbul edən, o cümlədən, Konstitusiya üzrə hökumətin fəaliyyəti ilə bağlı sərt siyasi qərarlar qəbul etmək hüququ olan bir qurumdur. Ona görə də parlamentdən gözləntilər həmişə çox olub".
Bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin son yaz və növbədənkənar sessiyalarının yekunlarına, millət vəkillərinin bu dönəmdəki fəaliyyətlərinə, insanlar, vətəndaşlar arasında hələ də parlamentarilərdən ciddi narazılıq və etimadsızlıq hallarının yaşanması məsələsinə münasibətini bildirərkən deyib.
Komitə sədrinin dediyinə görə, bunlarla bərabər, gerçəkdən demək lazımdır ki, pandemiya dünyada məhz idarəçilik sistemləri üçün çox böyük təzyiq yaratdı və proses hələ də davam edir:
“Obrazlı desək, dünyada ən çox basqı altında olan sistem məhz hakimiyyət orqanlarıdır. Cəmiyyətdə məlum qapanmanın yaratdığı məhdudiyyətlər, iqtisadi-sosial itkilər fonunda ictimai narazılqıların dərinləşməsi və idarəolunmaz sosial qruplar üzərində digər informasiya axınlarının nüfuz qazanmağa çalışması etiraz kütlələrinin hədəfinə yalnız bir qüvvəni çıxarır-çevik böhran idarəetməsi siyasi iqtidarlardan yüksək gözlənti və tələbkarlıq yaradır. Yəqin xatırlayırsınız, pandemiyanın ilk aylarında bir sıra ölkələrdə nazirlər istefaya getməyə məcbur olmuşdu və bu, yalnız maliyyə-iqtisadi qurumların rəhbələri deyildi. Çünki onlar da bəşəri miqyaslı çağrğışlara hazır deyildilər və ən çox demokratik ölkələr nüfuz itkisinə uğradılar, səhiyyədən qaynaqlanan xaos digər sahələrə sirayət edincə, ənənəvi qərarqəbuletmə modelləri iflasa uğradı. Heç kəs hazır reseptə mailk deyildi. İndiyədək yazılan kitabların və elmi irsin reallıqla hesabalaşmağa gücü çatmadı. 21-ci əsrin birinci 20 illiyi üçün xarakterik olan transformasiya məhz budur.
O üzdən Azərbaycan parlamentində aktiv müzakirə platformaları çox sürətlə virtual-rəqəmsal formata daşındı və bunu təqdir etmək gərəkdir. Lakin ənənəvi fəaliyyət meydanının bloklanması,birbaşa insanlarla görüşləri, qəbulları əngəllədi və vətəndaşların həyati problemlərinin aktiv formada tribunaya gətirilə bilməməsi müəyyən obyektiv çətinlikləri ortaya çıxardı. Əlbəttə, hər zaman subyektlərdən də danışıb hər kəsin işinə ayrıca qiymət vermək də olar. Bir tədqiqat mərkəzi olaraq biz ictimai fikri müxtəlif parametrlər və üsullar əsasında tədqiq edərkən Prezidentdən, Birinci-vitse-prezidentdəm və Silahlı Qüvvələrdən savayı yerdə qalan strukturların – həm hökumətin, həm parlamentin, həm də məhkəmə orqanlarının ictimai rəydə nüfuzunun orta göstəricidən aşağı olduğunu görmüşük.
Hər bir hakimiyyət qolu haqqında ayrıca dəyərləndirmələr edə, Prezidentlik üsul-idarəsində nüfuz şkalasının hansı alqoritmlərə söykəndiyini elmi cəhətdən dartışa bilərik. Hərçənd Qərb ölkələrində, ümumiyyətlə, siyasi institutlar bir qayda olaraq, aşağı reytinq zolağında çalışmağa öyrəniblər, hətta bunu demokratiyanın ən yaxşı göstəricisi sayırlar. Ona görə deyirlər ki, ən yaxşı hökumət varlığı hiss olmayandır və gözə çox görünməsin. Görünür, belə yanaşmanın bir səbəbi də ənənələrlə bağlıdır. Belə ki, dövlətin iqtisadi, siyasi,bir sözlə insan və cəmiyyət həyatını əhatə edən sahələrin hamısında aktiv rol alması belə tezislərin meydana çıxmasına səbəb olub”.
“…Qanunvericilik orqanının kənarında olan ictimai rəy liderlərinin, blogerlərin, media strukturlarının, klassik qələm adamlarının hamısını parlament çevrəsində toparlamaq lazımdır. Yazıçıları, qələm adamlarını, fikir adamlarını, bölgə liderlərini, ictimai fikrə təsir imkanı olan ağsaqqalından, ağbirçəyindən tutmuş, biznes sektorunda uğur qazanmış sosial iqtidar sahiblərinə qədər hamısını bu prosesə cəlb etmək lazımdır…”
“Parlament üzvləri 44 günlük Vətən müharibəsində bütün informasiya və virtual cəbhədə fədakarlıq göstərdi və dövlət rəhbərliyinin ən yaxın silahdaşlarına çevrildilər. Siyasi monolitlik baxımından bu çox vacib idi. Amma məlum hərbi-tibbi çərçivələr Şəhid ailələrinin, Qazilərin və digər yüksək həssas təbəqənin millət vəkillərindən gözləntilərini sonadək qarşılamağa imkan verməyib. Zatən parlament 2020-ci ilin fevralında əlli faiz Azərbaycan seçicinin rəyi ilə formalaşmışdı.
Bu 50 faizin də yarıya qədəri qaliblərə etimad göstərmişdi. Beləliklə, yüzdə iyirmi beşlik bir etimad votumundan danışdığımızda start vəziyyətində bütün milli qüvvələrinin düşüncə və baxışlarının qanunverici orqanın ətrafında təmərküzləşməsi həddindən artıq çətin işdir. Azərbaycanda siyasi proseslərdən qopan, daha həyati ehtiyaclara bağlanan, elə bu fonda müharibədə qalibiyyətindən sonra yeni qalib kimlik statusu və yeni reallıqlar qarşısında olan insanlarımız avtomatik olaraq bir sıra hakimiyyət qurumlarının, məmur sisteminin, bir sıra hallarda məhkəmənin, yaxud yerli bələdiyyələrin problemlərinin həllini Milli Məclisdən gözləyir.
O üzdən fərqindəyik ki, qarşıdakı dövrdə bu yöndə daha ciddi addımlar atılmalıdır, məsələlər təhlil olunmalıdır, millət vəkillərinin işini hansı aspektdə gücləndirmək lazımdır, onlar üzərində düşünülməlidir. Bu çərçivədə, yəni, qanunvericilik orqanının kənarında olan ictimai rəy liderlərinin, blogerlərin, media strukturlarının, klassik qələm adamlarının hamısını parlament çevrəsində toparlamaq lazımdır. Yazıçıları, qələm adamlarını, fikir adamlarını, bölgə liderlərini, ictimai fikrə təsir imkanı olan ağsaqqalından, ağbirçəyindən tutmuş, biznes sektorunda uğur qazanmış sosial iqtidar sahiblərinə qədər hamısını bu prosesə cəlb etmək lazımdır. Məhz bu halda Milli Məclis ümumxalq fikrini təcəssüm etdirən və ictimai güc daşıyan siyasi bir məkana çevriləcək. Əks halda, yalnız millət vəkilinin özünün subyektiv düşüncələrini söyləməsi xalqla istənilən etimad körpüsünü yaratmayacaq.
Ona görə Milli Məclisin üzvləri həm Azərbaycanın gələcək dönəmində idarəçilik sistemində, həm dərinləşmiş islahatlar prosesində bölgəsəl bir təzyiq amilini nəzərə almalıdılar. Yəni, Gürcüstan və Ermənistada küçə və meydanlarda formalaşan hakimiyyət öz dövlətləri üçün məğlubiyyət gətirmələrinə baxmayaraq, kütlə və “obıvatel” üçün cazibədar görünə bilər. Nəticədə xalqın idarəçilik prosesində iştirakı bizdə də müəyyən insanları bir sıra anarxist düşüncələrə gətirə bilər. Çünki Cənubi Qafqazın siyasi məkan vahiddir, yəni, biz bir ümumi siyasi buludun altındayıq və hər gün rəsmi hakimiyyətdən kənarda tam sərbəst mövcud olan təhlükəli informasiya ortamını nəzərə alınmalıdır.
Burada ayırıcı sərhəddi qoymaq mümkün deyil və siyasi idarəetməyə verilən klassik təriflərdən fərqli olaraq, indi hakimiyyət birinci növbədə kommunikasiya deməkdir. Hətta kommunikasiyanın hakimiyyəti termini ənənəvi sosioloji və politoloji terminləri üstələyib. Ona görə Parlamentlər də cəmiyyətlə əks-əlaqənin çevik mexanizmlərinin qurulmasında və açılmasında yaxından iştirakını artırmalı olacaq”-deyə, Z. Oruc daha sonra sözlərinə əlavə edib.