Siyasət 28 Fevral 2023, 11:50 | Baxış sayı: 171
“Qanun layihələrinin lehinə ona görə səs veririk ki, mükəmməl və mütərəqqidir...”

“Bir çox hallarda sosial şəbəkələrdə parlamentdə qanun layihələrinə səsvermə ilə bağlı məsələlər müzakirə edilir. Səsvermə prosesini qaralamağa, ləkələməyə çalışan müəyyən insanlar da tapılır. Parlamentdə bu və ya digər qanunun səsverməsi zamanı mütləq əksəriyyətin onun leyhinə səsverməsində təəccüblü bir şey yoxdur. Təbii ki, əleyhinə olanlar da olur. Məsələ budur ki, Milli Məclisdə qəbul edilən qanunlar çox ciddi hazırlanır, ciddi ekspertiza rəyindən keçir, komitələrdə, şöbələrdə müzakirə edilir. Parlamentin plenar iclasında üç dəfə müzakirədən keçir. Qanun layihələrinin lehinə ona görə səs veririk ki, qanunlarımız mükəmməl, mütərəqqidir. Beynəlxalq təcrübə, ayrı-ayrı qabaqcıl ölkələrin təcrübəsi də öyrənilib, bu qanunlar hazırlanır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, problem qanunlarda deyil, bir çox hallarda qanunların icrası ilə bağlı problem yaranır: “Azərbaycan parlamentində heç vaxt yararsız qanun layihəsi qəbul edilə bilməz. Ayrı-ayrı hallarda insanları narazı salan cəhət həmin qanunların işlək mexanizmi ilə bağlıdır. Bəzən bu qanunlar lazımi səviyyədə işləmir. Bu, artıq başqa məsələdir. Parlamentdə qəbul edilən qanunların mütərəqqi, çox vacib, təkmil, zəruri, bitkin hazırlandığına qətiyyən şübhəniz olmasın. Yüksək səviyyədə hazırlanmış qanunların lehinə səs vermişəm. Bir çox qanunlarımız dəfələrlə ictimai müzakirələrdən də keçib. Məsələn, “Media haqqında”, “Siyasi partiyalar haqqında” qanunlar... Bu qanunlar çox ciddi ictimai müzakirələrdən keçdilər. Ona görə də narahat olmasınlar. Parlamenti bu istiqamətdə tənqid etməyin heç bir mənası yoxdur, lüzum görmürəm”.

Xəbərlər