Cəmiyyət 18 İyul 2022, 17:37 | Baxış sayı: 183
"Qadınlar, xarakterimizə uyğun geyimlər geyinməlidirlər".

“Azərbaycan insanı xüsusilə də qadınlar, xarakterimizə uyğun geyimlər geyinməlidirlər. Yəni nə açıq-saçıq, nə də ki hədsiz örütülü olmalıdır. Köhnə şəkillərə, hətta iki yüz əvvəl çəkilən rəsm əsərlərinə baxırsan analarımızın, bacılarımızın, ümumiyyətlə, Azərbaycan qadınının necə yaxşı geyindiyini görürsən. Orta Asiya xalqlarına aid iki yüz il əvvəlki memuarlarda qeyd olunurdu ki, qazaxlar üzlərini örtmürlər, özbəklər, taciklər isə əksinə örtürlər. Yəni bu xalqların mentalitetləri fərqli olub, amma biz qafqazlı, azərbaycanlıyıq və burada türkdilli xalqlardan başqa, digər xalqlar da yaşayır, buna görə də Azərbaycanda vahid mentalitet formalaşıb. Azərbaycan mentalitetini qafqaz məğrurluğu, islam adətləri, xalqın tarixdən gələn köklü adətləri əmələ gətirib. Vaxtilə dahilərdən biri deyirdi ki, hər bir mədəniyyətdə iki mədəniyyət mövcuddur: elitar və proletar mədəniyyət. Bunlar isə fərqlənir. İndi bəzi varlı qadınlar hansısa geyimi geyinəndə deyirlər ki, nə yaxşı geyinib, amma kasıb geyinəndə deyirlər ki, yox, bu, düzgün adam deyil. Bu mədəniyyətin ikiləşməsindən və burada ikili baxışın hökm sürməsindən irəli gəlir. Həmişə tövsiyə etmişəm ki, Azərbayacan insanı xarakterinə uyğun geyinməli və davranmalıdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, insanların açıq-saçıq geymi ilə bağlı dini icmalar tərəfində irəli sürülən qiyamətin yaxınlaşması mülahizələri doğru deyil: “Qiyamətin nə vaxt olacağını heç kim bilmir. Yadımdadır, təxminən, 50 il bundan əvvəl babam televiziyada müəyyən səhnələr görəndə deyirdi ki, qiyamət gəlib çatıb. Bu yaxın vaxtlarda Səudiyyə Ərəbistanında, eləcə də digər ölkələrdə yüzlərlə göydələnər inşa ediləndə, qadınlar müəyyən geyimlər geyinəndə, Avropadan xalqımıza xas olmayan bir sıra orientasiyalar gələndə də, eyni sözləri deyirdilər. Amma qiyamət olmur ki olmur. Bunu hamı istədiyi şəkildə yozur, bu məsələlərə ciddi baxmıram. Millət olaraq, özümüzü itirməməli, kökümüzə daha çox bağlı olmalıyıq. İstər mənəviyyat, istər mədəniyyət, istərsə də təhsil sahəsində yetkin millət olmağa çalışmalıyıq. Bunun üzərində düşünməli və uşaqlarımızı da körpəlikdən bu istiqamətdə tərbiyə etməliyik”.

Xəbərlər