“Qadınlar cəmiyyətdə böyük söz sahibidir”
“Azərbaycan qadınları bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna rol oynayıblar. Məhz bu gün belə qadınlarımızın bayramıdır”.
Bu sözləri Musavat.com-a açıqlamasında deputat Elman Nəsirov deyib.
“Qadın ülvilik, zəriflik və gözəllik rəmzidir. Qadınlar həyatımızın mənası, bəzəyi və əbədi gözəlliyidir. Bu bayram ilk dəfə Romada keçirilsə də, hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Azərbaycanda anaya, qadına böyük ehtiram bəslənir. Ana hər zaman bizim üçün müqəddəs olub, namus, qeyrət rəmzi sayılıb. Ulu öndər Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman imzalamaqla ölkəmizdə bütün sferalarda qadınların fəaliyyəti üçün zəmin yaranıb. Təsadüfi deyil ki, Azərbaycan qadınları bu gün cəmiyyətimizdə böyük söz sahibidir.
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. O xalq Cümhuriyyəti ki, müsəlman Şərqində ilk dəfə qadına səsvermə hüququ verib. Bu gün Azərbaycan Respublikası AXC-nin siyasi varisi olaraq həmin siyasəti daha da irəli aparıb və Cümhuriyyətin səs hüququ verdiyi qadın bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti səviyyəsinə, Milli Məclisin sədri səviyyəsinə yüksəlib. Eləcə də bütün sahələrdə Azərbaycan qadını öz sözünü deməkdədir. Onu da etiraf edək ki, qadınlar xarakter baxımından bir-birinə bənzəmirlər. Zəif qadınlar da var, güclü qadınlar da. Amma onları birləşdirən bir ad var, o da ANA adıdır. Qadınlar fərqli olsalar da, analar fərqli olmurlar. İstəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə çox bənzəyirlər. Qadınsız insan, qadınsız həyat yoxdur. Bu gün Azərbaycan qadınının özünü ictimai həyatda təsdiqi üçün unikal imkanlar var. Biz buna həmişə sevinirik. Çünki Azərbaycan qadını həm zərif, həm də güclüdür. O, qadın, ana adını şərəflə daşıyır. Bu da bizim üçün çox böyük dəyərdir. Əziz qadınlarımızı bu gözəl bayram münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Fürsətdən istifadə edərək “Yeni Müsavat” Media Qrupunun bütün xanım əməkdaşlarını da təbrik edirəm. Arzu edirəm ki, bu bayram sizə düşərli, uğurlu olsun”, - millət vəkili vurğulayıb.