Cəmiyyət 23 Oktyabr 2023, 15:47 | Baxış sayı: 100
"Qadın hakimlərin sayının artması müsbət haldır, amma..."

"Qadın hakimlərin sayının artması müsbət haldır. Amma bu, təbii olmalıdır. Son dövrlər hüquqşünas xanımların sayı çoxalıb, hüquq stajı yığıblar, yəqin, qanunamüavfiq olaraq onları hakim təyin ediblər. Qadın hakimlərin sayının artması naminə süni şəkildə qadınları hakim təyin etmək düzgün deyil..."

 

Bunu açıqlamasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

 

Deputat qadın hakimlərin sayının çox olmasını alqışlayır: "Xüsusilə mülki işlərin, ailə münasibətlərinin həllində qadınların hakim olmaları faydalıdır. Çünki qadınlar humanistdirlər, anadırlar. Ümumilikdə, hakim üç şeyə istinad edib qərar verir – qanun, ədalət və vicdan. Hakimin qadın və ya kişi olmasından asılı olmayaraq qərar bu komponentlərdən ibarət olmalıdır. Hansısa qadın hakim də qanunu, ədaləti poza bilər. Bu, yaxşı hal deyil. Hesab edirəm, düzlüyün tərəfində olmaq lazımıdır. Hazırda bir sıra post-sovet ölkələrində və xarici dövlətlərdə qadın hakimlərin sayı çoxdur. Sovet dövründə və ondan sonra işlədiyim dövrlərdə qadın hakimlər çox az idi. Onların arasında mükəmməl qadın hakimlər var idi. Əlbəttə, “alverçi” psixologiyasında olanlar da var idi. Gözümün qabağına ədalətli qadın hakimləri gətirəndə ürəyim fərəhlənir. Arzu edirəm ki, qadın hakimlər də bu cür işləsinlər, onlara göstərilən etimadı doğrultsunlar, dövlət başçısının sərəncamı ilə vəzifəyə təyin olunublar. Elə olsun ki, peşmanlıqla nəticələnməsin. Hər bir hakimin öz şəxsiyyəti ümumi hakim kreslosunun qiyməti deməkdir. Hakim o kreslosunu dəyərə mindirə və dəyərdən sala bilər. Buna görə də gözləntim çoxdur. Bütün hakimlər, o cümlədən xanımlar daha düzgün işləməlidirlər", - deputat bildirib. 

pravda.az

Xəbərlər