Siyasət 24 İyul 2023, 0:16 | Baxış sayı: 116
"Pyotr Tolstoyun açıqlaması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir"

“Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya bərabərhüquqlu müstəqil dövlətlərdir. P.Tolstoyun fikirləri isə Rusiya ilə Azərbaycan arasında münasibətlərə kölgə salmağa xidmət edir”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan bütün qonşuları ilə normal münasibətlərə üstünlük verir. Ölkəmiz qonşularından da bu cür münasibət gözləyir: "Təəssüf ki, P.Tolstoy kimilər hələ də köhnə stereotiplərlə düşünməkdədirlər. Onun sözlərinə görə, Azərbaycanın qədim və zəngin dövlətçilik tarixi, ənənələri, milli mədəni irsi, görkəmli simaları var. Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir və heç kimdən, o cümlədən də Rusiyadan asılı deyil".

Millət vəkili qeyd edib ki, Azərbaycan 32 ildir müstəqil dövlət kimi inkişaf edir, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvlərindən biridir: “Təəssüf ki, Rusiyada Azərbaycanla əlaqələrə kölgə salan Zatulin, Milonov kimilərinin sayı yüksələn xətt üzrə irəliləyir ki, bu hal, o cümlədən də Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması dövlətlərarası münasibətlərə xələl gətirir. Eyni zamanda, son zamanlar Rusiya mediasında da anti-Azərbaycan ab-havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir. Rusiya Xarici İşlər Nazirliyinin son açıqlamaları da göstərir ki, bu xətt təsadüfi deyil. Bu ittihamların və iddiaların haradan, hansı səbəbə qaynaqlandığı hamıya bəllidir”.

Fatma Yıldırım deyib ki, 44 günlük müharibədə qalib gələn Azərbaycan öz ərazilərini erməni işğalçılarından azad edib: “Müharibədən sonra Azərbaycan nəinki regionda, bütün dünyada mövqelərini möhkəmləndirib, nüfuzunu daha da artırıb. Təsadüfi deyil ki, dövlətimiz bölgədə yeni reallıqların da müəllifidir. Bu gün müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləməlidir və tənzimləyir. Qarabağda yaşayan erməni sakinlərimizin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu, zəruri prosesdir və bu prosesə maneə cəhdləri iflasa məhkumdur. Buna görə də ölkəmizə qarşı bu hücumların müəllifləri və icraçıları başa düşməlidirlər ki, bu yolla Azərbaycana təsir göstərmək, onu yolundan döndərmək mümkün deyil. Proseslərə köhnə təfəkkürlə yanaşmaq, əslində, həmin təfəkkür sahiblərinin özlərinə ziyandır”.

report.az

Xəbərlər