“Putinin cənab İlham Əliyevə zəng etməsi təsadüf deyildi…”
“Laçın yolunu bağlamamışıq. Bu, ermənilərin növbəti şər-böhtan kampaniyasıdır. Sadəcə olaraq, Şuşa yaxınlığında Rusiya hərbi kontingentinə aid postlardan birinin qarşısında dinc aksiya keçiririk. Aksiya iştirakçıları Qeyri-Hökumət Təşkilatlarının, ictimaiyyətin nümayəndələri, ekoloqlardır. Səbəbi isə dekabrın 10-da Volkov-Vardanyan cütlüyünün qeyri-qanuni erməni silahlı birləşmələrinin, terrorçuların, separatçıların iştirakı ilə Azərbaycanın rəsmi monitorinq qrupuna qarşı törətdikləri təxribatdır. Şuşada aksiya keçirməyimizdə məqsəd Volkovu dəvət edib, ona suallar verib, bir neçə məsələni aydınlaşdırmaqdır. Volkov zəhmət çəksin, etirazçıların qarşısına çıxsın, sualları cavablandırsın, aksiya da başa çatsın. Dünən içkili zabitini göndərib, bu da aksiyaçılarımıza qarşı növbəti təxribat, təhqir, saymazlıq idi…”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat Rusiya hərbi kontingentinin tərkibində ermənilərin də “xidmət etməsi”ni belə şərh edib: “Görün, nə baş verir – aksiya iştirakçıları özünü “sülhməramlı” adlandıran Rusiya hərbi kontingentinin tərkibində erməni hərbçisi aşkar etdilər. Bax, bu da növbəti yenilik. Bu, bizə xatırlatmağa imkan verir ki, 366-cı alayın şəxsi heyətinin tərkibinə saysız-hesabsız erməni zabitlərini, əsgərlərini, Sovetin praporşiklərini yeridib, xidmət etdirirdilər. Sonra da Xocalı soyqırımını törətdirdilər. İndi etirazçılar hələ bir nəfər erməni aşkar ediblər, nə bilirik ki, rus hərbi kontingentinin tərkibində neçə erməni, quldur “xidmət edir”? Məsələ budur. Məqsədimiz Laçın yolunu bağlamaq olsa, hərbçilərimiz vasitəsilə bağlayarıq. Bu isə dinc aksiyadır, məqsədi də aydındır. Vardanyanın pulu ilə cinayətkarlığa qurşanmış Volkovun yerinə söz deyə bilmərəm, aksiyaya gələcək, ya yox. Təbii ki, Volkov Moskvadan mesaj gözləyir – “gedim, getməyim?”, “gedim nə deyim?” Volkova Moskva nə komanda versə, onu edəcək…”
E.Məmmədov Şuşada aksiya keçirilən zaman Rusiya Prezidenti Vladimir Putinin cənab Prezident İlham Əliyevə telefon zəngi etməsinə də münasibət bildirib: “Putinin cənab İlham Əliyevə zəng etməsi təsadüf deyildi. Ermənilər kifayət qədər haray-həşir qaldırıblar. Təkcə ermənilər yox. Ermənilər saxta, şər-böhtan dolu məlumatları özlərinin Avropa ölkələrindəki müəyyən mərkəzlərinə də ötürüblər, onlar da bu kampaniyaya qoşulublar. Guya Azərbaycan Qarabağda yaşayan erməniləri blokadaya alıb, onlara qarşı nəsə hazırlanır, nəsə törədəcəklər və s… Bu şər-böhtan kampaniyaları artıq məlumdur, 30 ildir, bunlarla tanışıq, bilirik ki, məqsədləri nədir. Düşünrəm, tələm-tələsik Putin müəllimin zəng etməyi bu məsələ ilə əlaqədardır. Yəqin, dövlət başçımız aydınlaşdırıb ki, aksiyaçılar ictimaiyyətin nümayəndələri, QHT-lər, ekoloqlardır, istəkləri isə budur ki, Volkov suallarımızı cavablandırsın, çıxaq gedək…”