Siyasət 13 Sentyabr 2023, 15:12 | Baxış sayı: 186
“Putin Paşinyanı hədəfə gətirir”

"Putin məlum bəyanatı Ermənistan ictimai rəyinə hesablayaraq səsləndirib. Ermənilər düşdükləri vəziyyətə görə Rusiyanı ittiham edirlər, odur ki, Ruisya prezidneti onlara günahkarı başqa yerdə axtarmağı tövsiyyə edib”.

 

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, yaxşı olardı ki, ermənilər baş nazirlərini ittiham etsinlər:

 

"Putin bu bəyanatı ilə Paşinyan hakimiyyətini ictimai rəyin hədəfinə gətirir. Hazırkı tarixi mərhələdə bütövlükdə Qafqazda sülhün əldə olunmasında Rusiya da maraqlıdır. Amma Rusiya da başa düşür ki, sülhə qarşı Ermənistan və başda Fransa olmaqla onun Qərb havadarları müxtəlif təxribatlar həyata keçirirlər. Rusiya regionumuzun qalıcı aktorudur. Onun regionda rolu, təsir və imkanları tarixən mövcud olub və Parislə müqayisə edilə bilməz”.

 

Həmsöhbətimizin fikrincə, Putin Qafqazda heç bir xalqla öz tarixi münasibətlərini korlamaq istəmir: 

 

"Ona görə də hazırkı vəziyyətdən danışarkən, tarixə ekuskursiya edərək, onu müqayisəli təhlil əsasında aparır. Bu da əslində Rusiyanın maraqlarından çıxış etmək deməkdir. Putin xatırladır ki, hazırkı reallığı Azərbaycan yaradıb. Amma Azərbaycanı 44 günlük müharibəyə aparan yol Ermənistanın işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan vaxtında o dövrün şərtlərilə sülh əldə etsəydi, bugünki kapitulyasiya vəziyyətinə gəlib çıxmazdı. Putin bu fonda deyir ki, onlar İrəvana bu istiqamətdə təklif versələr də, Ermənistan bundan imtina edib”. 

 

 

Deputat qeyd edib ki, Putin bununla demək istəyir ki, hazırkı vəziyyətdə ermənilərin Rusiyanı ittiham etmələri üçün mənəvi-siyasi haqqları yoxdur:

 

"Putin deyir ki, onlar özləri-özlərini ittiham etməli, Rusiyanı günahkar kimi görməməlidirlər. Putin anlayır ki, hazırda Rusiya Ermənistanda hədəfdir, Moskvanı ermənilər 44 günlük müharibədə uduzmalarının və inkişafda geri qalmalarının səbəbini kimi göstərlər. Putin də təbii ki, bunu istəmir”.

 

Həmsöhbətimiz düşünür ki, məlum bəyanat erməniləri siyasi praqmatizmə səsləyən fikirdir:

 

"Putin fikrinin ikinci hissəsində deyir ki, Brüsseldə Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bununla da Qarabağın statusunu müəyyənləşdirib. Bu status da o deməkdir ki, Qarabağın statusu Azərbaycanın tərkibində olmaq deməkdir. Putin bununla bir daha Ermənistan əhalisinə ismarıc verir ki, hazırkı vəziyyətdə Azərbaycanın Qarabağ iqtisadi bölgəsində öz suveren hüquqlarını tətbiq etməsi onun haqqıdır. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda status haqqında heç nə deyilmir. Amma Qarabağın Azərbaycanın tərkibində olmasını Paşinyan özü qəbul edib. Azərbaycanın Qarabağ iqtisadi rayonunda hüquqlarının tam bərpa edilməsinin lehinə olan bu fikir müsbət fikirdir və 2022-ci ilin fevralın 22-də Bakı ilə Moskva arasında imzalanan müttəfiqlik sənədinin ruhuna uyğundur”. 

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxış edərkən Azərbaycanın Kəlbəcəri və Laçın rayonlarını ermənilərə vermək istədiyini bildirib:

 

"Biz konfliktin həlli üçün öz variantlarımızı təklif etdik. Ermənistan məlum münaqişədən sonra Azərbaycanın 7 rayonuna nəzaərəti ələ keçirmişdi. Azərbaycanın iki rayonunun - Kəlbəcər və Laçının, bütün Qarabağın faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalması ilə bağlı Ermənistana təklif etdik və Azərbaycanla razılığa gəlməyi dedik. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Biz 10-15 il ərzində İrəvanı buna inandırmağa çalışdıq. Bizim onda nə edəcəksiniz sualına cavabda isə erməni rəsmiləri mübarizə aparacaqlarını dedilər. Son nəticədə isə indi mövcud olan vəziyyət yarandı. Amma məsələ heç də son münaqişənin nəticələrilə bağlı deyil, həm də onunla bağlıdır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini də tanıyıb”. 

qaynarinfo.az

Xəbərlər