Siyasət 28 Avqust 2023, 17:19 | Baxış sayı: 121
"Prezidentin Şərqi Zəngəzurun iki rayonuna səfəri Ermənistana endirilmiş zərbələrin başqa yollarla davamıdır"

“Laçın Şəhəri Günü ilə bağlı Prezident İlham Əliyev öz çıxışında Azərbaycan torpaqlarının işğaldan azad edilməsini təkcə işğalçı Ermənistana deyil, həm də onun arxasında duran, onlara bənzər məxluqlara endirilmiş yumruq zərbəsi olduğunu bildirdi. Mənə elə gəlir ki, onun Şərqi Zəngəzurun bu iki rayonuna səfərini də həmin o endirilmiş zərbələrin başqa yollarla davamı saymaq olar”.

Bunu açıqlamasında Milli Məclisinin üzvü Sahib Alıyev deyib.

O, Ermənistan və onu geosiyasi alət kimi görənlərin, ilk növbədə də Fransanın son zamanlar böyük canfəşanlıqla Azərbaycanın öz torpaqları üzərində tam suverenliyinin bərpasına qarşı çıxmasına diqqət çəkib. Bildirib ki, həmin qüvvələr ayrı-ayrı beynəlxalq qurumlardan bunun üçün təzyiq aləti kimi faydalanmağa çalışırlar:

“Amma bu səfər onların cəhdlərinin əbəs olduğunu bir daha sübut etdi. Proses çox yüksək səviyyədə gedir. Azərbaycan Prezidentinin Laçın və Kəlbəcərə səfəri göstərdi ki, hər iki rayona böyük köç üçün nəinki kritik infrastruktur hazırlıqları yüksək səviyyədə görülür, həm də gələcəkdə oradakı soydaşlarımızın işlə təmin edilməsi üçün lazımi addımlar atılır. Bütün bunlar ən müasir texnologiyaların tətbiqi ilə edilir”.

 

Deputat vurğulayıb ki, Azərbaycanda ilk dəfə prefabrik modul evlərinin istehsalına Laçında başlanılır.

Onun sözlərinə görə, Laçındakı sənaye zonasında mebel fabriki ilə yanaşı, modul evlərin istehsalı ilə məşğul olan fabrik də fəaliyyət göstərəcək ki, bundan gələcəkdə oraya köçən soydaşlarımız çox məmnunluqla yararlanacaqlar:

“Çünki belə evlər həm ekoloji baxımdan təmizdir, həm qiyməti nisbətən ucuzdur. Bir digər mühüm məsələ isə hər iki gözəl mənzərəsi olan bölgəmizin turizm potensialının artırılması yönündə ciddi addımların atılmasıdır. Laçındakı beynəlxalq hava limanının tikintisi, Laçınla Kəlbəcər arasında yüksək səviyyəli yolların salınması, Laçında müasir standartlara cavab verən beşulduzlu otelin tikintisinə başlanılması, Kəlbəcərdə “İstisu” müalicə kompleksinin tikintisi, öz müalicə göstəricilərinə görə Qafqazdakı bütün suları geridə qoyan “İstisu”nun alman texnologiyası əsasında istehsalının planlaşdırılması hər iki bölgəmizin turizm potensialına verilmiş böyük və ilkin töhfələrdir. Bunun ardınca başqa addımları da görəcəyik”.

S.Alıyev hesab edir ki, Prezidentin bu səfəri BMT Təhlükəsizlik Şurasında, böyük güclərin təsiri altında olan digər beynəlxalq qurumlarda Azərbaycan əleyhinə fitnəçiliklə məşğul olanlara ən doğru və təsirli cavabdır:

“Kəlbəcər və Laçın sərhəd rayonlardır. Ermənistandakılar da burada nə baş verdiyini görürlər. Onlar sosial şəbəkələrində təkidlə qeyd edirlər ki, Azərbaycan ərazisindəki quruculuq işləri paylaşılmasın, çünki özləri ilə aramızdakı fərqi görürlər. Bizim onlardan hər baxımdan üstün olduğumuzu dərk edirlər”.

report.az

Xəbərlər