"Prezidentin Qoşulmama Hərəkatının nazirlər görüşündə bəyanatları qlobal məqsəd üçün yol xəritəsidir"
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun dünən Bakıdakı nazirlər görüşü həm milli maraqlar, həm də qlobal məqsədləri baxımdan çox mühüm tarixi-siyasi hadisədir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, qlobal rakursdan yanaşsaq, sirr deyil ki, yeni çağırışlar şəraitində, BMT başda olmaqla artıq çoxsaylı təsisatlar yeni dünya düzəninin tələblərini ödəmir: “Məsələn, bəzən qətnamələri saatlar içində icra olunan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin 30 il ərzində yerinə yetirilmədiyinin şahidi olmuşuq. Yaxud BMT-nin ixtisaslaşmış təşkilatı UNESCO 30 il Azərbaycan ərazilərinin işğala məruz qalmasına, mədəni nümunələrin, elm-təhsil ocaqlarının, dini abidələrin, qəbiristanlıqlarının dağıdılmasına göz yumduğu halda zəfərimizdən sonra işğaldan azad olunan Azərbaycan ərazilərində erməni irsi axtarmağa başladı. Yaxud Fransanın əsrlərlə davam edən kolonial siyasəti, habelə müasir dövrdə Korsikada milli dilin və kimliyin qadağan olunmasına bu təsisatların demək olar ki, hamısı susqunluqla yanaşır. Təbii ki, bu cür institutlarla yeni çağırışları qarşılamaq mümkün deyil. Bu mənada Bakıda “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Azərbaycan Prezidentinin, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin verdiyi bəyanatlar yeni dünya düzənində qlobal məqsəd və hədəflərə doğru birgəfəaliyyət üçün yol xəritəsi hesab edilməlidir. Çünki BMT-də islahatlar aparılması barədə ümumi təkliflərdən o yana keçməyən liderlərdən fərqli olaraq Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə islahat nümunəsi ortaya qoydu. Etiraf edək ki, Qoşulmama Hərəkatı böyük potensialına baxmayaraq, Azərbaycanın sədrliyinə qədər ətalətdə olan bir təsisat olub, amma bu gün İlham Əliyevin rəhbərliyi altında hərəkat özünün təsirli parlament və gənclər şəbəkəsi olan, qlobal proseslərə BMT-dən daha effektiv formada adekvat reaksiya verən institusional təşkilata çevrilməkdədir. Hər birimiz şahidik, Prezident İlham Əliyev Pandemiya prosesində qlobal səyləri birləşdirib məhz Qoşulmama Hərəkatı çərçivəsində Pandemiya ilə səmərəli mübarizəni təşkil etdi. BMT də, ÜST də cənab İlham Əliyevin rəhbərliyi altında formalaşan data bazaya istinadən hərəkət etdi. Yaxud BMT qətnamələrinin icra mexanizmlərinin yaradılması, BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və məzmunca yeni baxış ilə bağlı konkret formulun ortaya qoyulması, BMT-nin dayanıqlı inkişaf məqsədlərinin genişləndirilməsi məsələləri məhz Azərbaycan Liderinin ideyalarıdır”.
Deputat qeyd edib ki, bir daha şahid olduq ki, Azərbaycan Prezidenti yeni çağırışlar fonunda yeni dünya düzəninə keçid prosesinin aparıcı simalarındandır: “Bununla da əvvəllər bizi görməzdən gələnlər, dinləmək istəməyənlər artıq özləri etiraf edirlər ki, Azərbaycan artıq qlobal oyunçudur. Etiraf etməyənlərin, bu reallığı hələ də anlamaq istəməyənlərin də Makronun simasında aqibəti bəllidir. Prezident İlham Əliyev iki dəfə BMT TŞ-də, Ərəb Liqasında, Bakı Zirvəsində, Kişineuda, eləcə də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıdakı nazirlər görüşündə hamıya göstərdi ki, Marseldə Azərbaycana təzyiqlərdən danışan Fransa Prezidenti artıq qlobal müstəvidə uğursuz personadır”.
APA