Siyasət 5 May 2023, 16:48 | Baxış sayı: 142
“Prezident Şuşa konfransında dövlətimizin ədalətli siyasətini bir daha bəyan etdi”

“Dövlətimizin başçısı cənab İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin real təzahürlərinə bu gün bütün dünya şahidlik edir. Şəhərin şanı-şöhrəti durmadan artır, əvvəlkindən də artıq gözəl görkəm alır. Demək olar ki, ölkəmizin döyünən ürəyi böyük tikinti meydanına çevrilib, məscidlərimiz, əvvəlki yaşayış binaları bərpa edilir, yeniləri tikilir, infrastruktur yaradılır. Bütün bu işlər Şuşanın tarixi kimliyi qorunmaqla həyata keçirilir və sistemli şəkildə aparılır. Həmçinin Şuşamız bu gün yerli və beynəlxalq tədbirlərə - konfranslara, seminarlara, festivallara böyük qonaqpərvərliklə qucaq açır, iştirakçıları özünün əsrarəngiz gözəllikləri, təbiət mənzərələri, tarixi-mədəni abidələri ilə valeh edir. Bir növ şəhər danışır, milli kimliyini bəyan edir, gülür, sevinir, çünki onun yolunda övladlarını, əziz balalarını qurban vermiş, uzun illər ayrılıq həsrəti çəkmiş doğma xalqına qovuşub. Təşəkkür edirik müzəffər xalqın müzəffər oğlu cənab İlham Əliyevə. O, cəmi 44 günə tarixin axarını dəyişdi, ekspertlərin bütün proqnozlarını alt-üst etdi, çirkin və işğalçı arzuları ürəkdə qoydu, tarixi ədalətin bərpasına nail oldu. Güclü diplomat, peşəkar və humanist rəhbər olduğu kimi, böyük sərkərdəlik məharətini də ortaya qoyaraq formalaşdırdığı Ordusu ilə 30 illik işğalı parlaq qələbə ilə aradan qaldırdı və hər bir azərbaycanlını bəxtiyar etdi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

AHİK sədri bildirib ki, Şuşa yenə qonaqlı-qaralıdır, mayın 3-də şəhərdə ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirildi: “Avrasiyanın qarşılaşdığı problemlər və yeni çağırışlarla bağlı beyin mərkəzləri nümayəndələrinin iştirakı ilə ölkəmizdə belə möhtəşəm tədbirin təşkil olunması artıq ənənə halını alıb. O cümlədən sonuncu konfransın gözəl Şuşamızda keçirilməsi imkan verib ki, tədbir iştirakçıları erməni vandallarının vəhşi əməllərini öz gözləri ilə görsünlər və bir daha əmin olsunlar ki, yalançı göz yaşları ilə dünyanı özünə inandırmağa çalışan bu barbarlar tamamilə böhtan danışır, işğalçı mahiyyətlərini ört-basdır etmək istəyirlər. Həmçinin qonaqlar görsünlər ki, Azərbaycan öz torpaqlarına - Şərqi Zəngəzura və Qarabağa necə doğma münasibət bəsləyir, qurur, yaradır, bərpa edir, dirçəldir. Mən konfransı regionda əlaqələrin inkişafının, kommunikasiyaların açılmasının, sülh və sabitliyin təmin olunmasının, münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından xeyli əhəmiyyətli hesab edirəm. Eləcə də bu platforma Azərbaycanın müəllifi olduğu reallıqların, ədalətli mövqeyinin, sülh naminə səylərinin, həmçinin ölkəmizin dünya üçün əhəmiyyətinin, beynəlxalq təşəbbüslərinin təbliği baxımdan olduqca önəmlidir”.

“Konfransda iştirak edən dövlətimizin başçısı cənab İlham Əliyev məntiqli mühakimələri, tutarlı arqumentləri, dərin və əhatəli analitik təhlilləri ilə iştirakçıların suallarına tam və əsaslandırılmış şəkildə cavab verdi. Prezidentimizin səsləndirdiyi fikirlər, baş verən faktlara xüsusi yanaşma tərzi, hadisələri düzgün qiymətləndirmə bacarığı onun beynəlxalq münasibətləri həm nəzəri, həm də empirik səviyyədə dərin biliyini göstərir. Həmçinin çıxışı izlədikcə bir daha onun nə qədər tərəqqipərvər, humanist, demokratik dövlət xadimi olduğunu görürsən. Cənab İlham Əliyevin qiymətli siyasi fikirləri ölkəmizlə yanaşı, həmçinin beynəlxalq ictimaiyyət üçün də xeyli önəmlidir, çünki bəşəri mahiyyət kəsb edir. Heç də uzağa getməyək, məhz onun təşəbbüsü ilə reallaşan layihələr bu gün xilaskar rolunda çıxış edir. Vaxtı ilə həmin layihələrin reallaşacağına tərəddüdlə yanaşanlar bu gün onun əhəmiyyətini şərh edərək şəninə təriflər deyirlər. Cənab İlham Əliyevin çıxışının əvvəlində də, axırında da, mərkəzində də sülh, təhlükəsizlik, sabitlik, səmimi əməkdaşlıq anlayışları üstünlük təşkil edirdi. Həqiqətən də, az-az lider tapılar ki, onun qədər sülh və əmin-amanlıq naminə bu qədər səylə çalışsın. Bilavasitə dövlətimizin başçısının bölgədə müəllifi olduğu yeni konfiqurasiya sülh və sabitliyə özündə ehtiva edir. Bunu Ermənistan tərəfinin də qavraması vacibdir”, - Milli Məclisin deputatı deyib.

“Şərqi Zəngəzuru və Qarabağı işğaldan azad edən Prezident İlham Əliyev həmin ərazilərin yenidən bərpasına böyük məharətlə rəhbərlik edir. İşinin çox olmasına baxmayaraq, mütəmadi olaraq bölgəyə səfərlər edir, görülən işlərlə yerində tanış olur, qiymətli tapşırıq və tövsiyələrini verir. Mayın 2-də yenidən Qarabağa gedən Prezidentimiz bir sıra sosial və infrastruktur obyektlərinin, mədəniyyət mərkəzlərinin, yaşayış məhəllələrinin, kəndlərin, kommunikasiya xətlərinin təməllərini qoyub, aparılan işlərlə maraqlanıb. Abadlıq-quruculuq işlərinin miqyası və əhəmiyyəti bir daha göstərir ki, yaxın gələcəkdə Şərqi Zəngəzurumuz və Qarabağımız ölkəmizlə bərabər, həm də dünyanın ən gözəl guşələrindən biri olacaq. Əminliklə deyə bilərik ki, sakinləri öz ata-baba yurdlarında xoşbəxt gələcək və firavan həyat gözləyir”, - Səttar Möhbalıyev əlavə edib.

Xəbərlər