Siyasət 8 Dekabr 2023, 14:01 | Baxış sayı: 154
"Prezident seçkiləri tarixə Azərbaycan xalqının Zəfər seçkisi kimi düşəcək"

Gələn il fevralın 7-də keçiriləcək prezident seçkiləri tarixə Azərbaycan xalqının Zəfər seçkisi kimi düşəcək.

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, son illərdə Azərbaycan xalqının siyasi tarixində çox mühüm hadisələr baş verib: “Azərbaycan dövləti öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Hələ 2018-ci ildə keçirilən Prezident seçkiləri zamanı Azərbaycan Prezidenti bəyan etmişdi ki, qarşımızda duran ən birinci milli prioritet məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. 2020-ci ildə Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa etdi. Bu, özü mühüm bir tarixi hadisə idi. Şübhəsiz ki, ərazi bütövlüyünün bərpa olunmasından sonra qarşımızda duran mühüm milli məqsədlərdən biri də Azərbaycanın hər qarış ərazisində onun suveren hüquqlarını bərpa etməkdən ibarət idi ki, üç il sonra - 2023-cü il sentyabr ayının 19-20 tarixlərində həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan ərazisinin hər qarışında özünün suveren hüquqlarını bərpa etməyi bacardı. Bu, özü-özlüyündə ayrıca bir tarixi hadisə idi. Nəticədə yeni yaranmış reallıqlar Azərbaycan dövləti qarşısında, Azərbaycanın siyasi sistemində yeni vəzifələr və çağırışlar müəyyənləşdirdi ki, bu da ölkəmizdə yeni prezident seçkilərinin keçirilməsilə bağlı ictimai sifarişə çevrilmiş oldu”.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti bu gün imzaladığı sərəncamla 2024-cü il fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin etdi: “Bu seçkilər Azərbaycan xalqının Zəfər seçkisi kimi tarixə düşəcək, Azərbaycanın dövlətçilik tarixində , Azərbaycan xalqının siyasi həyatında olduqca mühüm bir seçki kimi yadda qalacaq. Çünki müstəqillik dövrü tariximizdə ilk dəfə olaraq bu seçkilər ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmuş Azərbaycan ərazisində keçiriləcək və bu seçkilərin nəticəsi bundan sonrakı tarixi mərhələdə Azərbaycanın yeni inkişafını təyin edəcək”.

APA

Xəbərlər