"Prezident regionların inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır"
"Prezident İlham Əliyev ölkəmizin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır".
Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycanın bölgələrinin hərtərəfli inkişafında, iqtisadi fəallığın yüksəlməsində, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, iş yerlərinin və yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşmasında, ümumilikdə respublikamızın dayanıqlı və sürətli inkişafının təmin olunmasında regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir: "Məhz Dövlət proqramları əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlərin nəticəsi olaraq respublikanın bütün şəhər və rayonları müasirləşir, abadlıq-quruculuq işləri həyata keçirilir, böyük infrastruktur layihələri icra edilir, yeni iş yerləri yaradılır, nəticə etibarı ilə vətəndaşların sosial rifahının yüksəldilməsində müsbət nəticələrə nail olunur. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfərləri bu baxımdan əlamətdardır”.
Deputat bildirib ki, bölgələrin inkişafına dair dövlət başçısının geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsi, qərarlar qəbul etməsi buna sübutdur:
"Azərbaycan Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilər deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davam etdirilməsinin göstəricisidir. Hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir".
F.Yıldırım qeyd edib ki, Prezident bölgələrdə yeni təməllər atır, eyni zamanda açılışlar edir:
"Avqustun 7-də dövlətimizin başçısının bölgələrə növbəti səfəri də bunu təsdiqləyir. Belə ki, Prezident İlham Əliyev Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun, “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışı edib. Eyni zamanda, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. Bundan başqa, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Dövlət başçısının Qazaxda açılışını etdiyi “Venzana” mebel fabriki isə bölgələrdə yeni iş yerlərinin açılması, istehsal müəssisələrinin yaradılması baxımından önəmlidir".
O xatırladıb ki, Prezident İlham Əliyev avqustun 7-də Şəmkir, Samux, Bərdə rayonlarında da açılışlar edib: “Mənim üçün əlamətdardır ki, deputat kimi təmsil etdiyim Bərdə şəhərində Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib. Bu, dövlətimizin başçısı Bərdəyə və onun əhalisinə diqqət və qayğısının növbəti nümunəsidir. Bu, diqqət və qayğıya görə Prezidentə təşəkkürümüzü bildirirəm”.