“Prezident Ərdoğana heç olmasa bir dəfə yenidən etimad göstərilməlidir”
“Türkiyədə seçkilərin keçiriləcəyi tarix açıqlanandan sonra seçki həyəcanı böyüyüb. Müxalif siyasi partiyalar birləşərək vahid namizədlə seçkiyə qatılacağını elan edib. İndiki dönəmdə Türkiyədə hakimiyyət dəyişikliyi baş verməməlidir. Hazırkı Prezidentə heç olmasa bir dəfə yenidən etimad göstərilməlidir ki, Türkiyəyə zəlzələnin vurduğu ziyanın aradan qaldırılması istiqamətində iş görə bilsin və evsiz qalmış vətəndaşlar evlərlə təmin olunsun”.
Bu sözləri Pravda.az-a açıqlamasıda Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Türkiyə dövləti artıq tikinti işlərinə başlayıb: “İki ay ərzində 500 minə yaxın mənzilin tikintisi planlaşdırılıb. Hesab edirəm ki, indiki dönəmdə Türkiyə vətəndaşlarının öz Prezdenti ətrafında daha sıx birləşməsi vacibdir. Siyasi hakimiyyətin dəyişikliyi ancaq başlanmış prosesləri ləngidə bilər. Düşünürəm ki, türk qardaşlarımız seçimi doğru edərlər. Biz isə qardaş ölkə olaraq türk xalqının hər bir seçiminə hörmətlə yanaşacağıq”.