Siyasət 16 Oktyabr 2023, 14:06 | Baxış sayı: 231
"Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızı gələcəkdə daha böyük uğurlar gözləyir"

Azərbaycanın milli dövlətçiliyin son 20 ili özündə inkişaf, intibah və qələbə mərhələlərini əks etdirməklə ən şərəfli tariximiz olub.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib ki, bu tarixin əsaslarını Ümummilli Lider Heydər qoyub, Prezident İlham Əliyev isə bu əsaslar üzərində güclü Azərbaycan dövlətini ucaldıb: “Hər bir dövlətin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Dövlət iqtisadi cəhətdən asılı olduqda xarici sifarişlərin icrasına çevrilir. Azərbaycan sözün əsil mənasında iqtisadi və siyasi müstəqilliyinə qovuşa bildi. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq arenada nüfuzlu aktora çevrilib”.

Azər Badamov qeyd edib ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməklə yanaşı Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib: “İqtisadi uğurlarımızın təməlində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi dayanır. Azərbaycan xalqının milli sərvəti olan neft-qaz resurslarından səmərəli və şəffaf istifadə etməsi sayəsində ölkəmizin qeyri-neft sektoru uğurla inkişaf etdirildi. Prezident İlham Əliyev seçildiyi ilk gündən deyirdi ki, neft kapitalını insan kapitalına çevrilməlidir. Son 20 ildə neft gəlirlərinin ədalətli və şəffaf bölüşdürülməsi sayəsində ölkəmizin qeyri-neft sektoru inkişaf etməklə insanların rifahının yaxşılaşmasını təmin etdi. Son 20 ilin maklroiqtisadi göstəricilərinə qısa olaraq nəzər salsaq, ÜDM 3,6 dəfə, adam başına düşən ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb, adam başına düşən büdcə xərcləri 150 manatdan 3500 manata qalxıb, xarici ticarət dövriyyəsi 10,8 dəfə, ixrac 16,1 dəfə, dövlət valyuta ehtiyatları 47 dəfə artıb. Valyuta ehtiyatlarımız 67 milyard dollar olmaqla xarici dövlət borcunu 10 dəfə üstələyir. Son 20 ildə ölkə iqtisadiyyatına 300 milyard dollar sərmayə qoyulub, onun da 190 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Son 20 ildə sahibkarlığın inkişafına dövlət dəstəyi proqramları icra olunub, sənaye parkları, sənaye məhəllələri və aqroparklar istifadəyə verilərək ölkədə müxtəlif çeşidli qeyri neft məhsullarının istehsalının artmasına töhfə verilib. Son 20 ildə ölkədə 2 milyondan çox iş yeri yaratmaqla işsizlik 50%-dən 5%-ə, yoxsulluq isə 49%-dən 5,5%-ə endirilib. Ötən 20 ildə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artmış, pensiya üzrə ödənilən illik vəsaitin həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatdırılıb”.

Deputat nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin 2003-cü ildə imzaladığı “Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqram”larının dörd mərhələsinin icrası çərçivəsində son 20 ildə regionlarımıza 200 milyard dollara yaxın vəsait yatırılıb: “Son 20 ildə 4000-ə yaxın məktəb binası, 740-dan çox səhiyyə müəssisəsi, 50 İdman Olimpiya Kompleksi, 21 min kilometrə yaxın müxtəlif təyinatlı yollar yenidən qurularaq istifadəyə verilib. Ölkədə qazlaşma 51%-dən 98%-ə çatıb, elektrik enerji ilə əhalinin təminatı idxaldan azad olunaraq fasiləsiz təmin olunur. Şəhərlərin və rayon mərkəzlərinin içməli su və kanalizasiya xidmətləri təminatının müasirləşdirilməsi ilə bağlı böyük layihələr icra olunub”.

Azər Badamov Azərbaycanın yerləşdiyi coğrafiyadan düzgün istifadə edərək regional və beynəlxalq layihələrin aktiv iştirakçısına çevrildiyini vurğulayıb: “İstifadəyə verilmiş Bakı Beynəlxalq Ticarət Limanı, Ələt Azad İqtisadi zonası, Bakı-Tiblisi-Qars dəmir yolu, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri Azərbaycanı beynəlxalq daşımaların əsas arteriyalarından birinə çevirib. Beləliklə, son 20 ildə Azərbaycanın iqtisadi gücünün artması ordu quruculuğu və müdafiə sənayesi sektorunun inkişafına yol açıb. Dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlər ayırmaqla Azərbaycan ordusunun döyüş arsenalı müasirləşdirilib, peşəkarlığı artırılmış və qarşısına qoyulduğu hər bir hər bir hərbi tapşırığı yüksək dəqiqliklə icra etməyinə qadir orduya çevirib. Bu gün ölkənin müdafiə sənayesi sektorunda 200-dən çox adda məhsul istehsal olunur. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil olub. Ordumuz öz gücün 3 il əvvəl döyüş meydanında nümayiş etdirərək 44 gündə torpaqlarını azad edərək 30 illik erməni işğalına son qoyub. O cümlədən 19-20 sentyabr tarixlərində keçirilə lokal xarakterli antiterror tədbirlərini 24 saata yaxın bir müddətdə aparmaqla Qarabağda erməni separatizminin kökünü kəsərək öz gücünü dünyaya bir daha nümayiş etdirib. Ordumuz ölkəmizin suverenliyini göz bəbəyi kimi qoruyur və ola biləcək hər bir təhlükəni anındaca məhv etmək iqtidarındadır. Torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkün ifadəsini də keçmişdə saxlamağımıza yol açıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2022-2026-cı illərdə “Böyük Qayıdışa dair Dövlət Proqramı” təsdiqlənib. Bu proqrama əsasən 2026-cı ilə qədər 8 şəhər və 100 kəndin yenidən qurulub bərpa etdirilərək keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin ediləcək. Artıq 8 şəhər və 80-dən çox kəndin baş planları təsdiq olunaraq tikinti işlərinə başlanıb. İndiyə qədər işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 7 milyard dollar vəsait ayrılıb, gələn ilin dövlət büdcəsində də daha 4 milyard manatın ayrılacağı nəzərdə tutulub. Ağalı, Laçın Zabux, Talış və.s kəndlər bərpa edilib və öz doğma sakinlərinə qovuşub. Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qaytarılması prosesi davam etdirilir”.

Deputat deyib ki, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bütün ərazilərində suverenliyi bərpa edərək dünya çapında öz sözünü deyən çox nadir dövlətlərdən birinə çevrilib: “Prezident İlham Əliyev özünü hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq etdi. Ölkə başçımızın rəhbərliyi altında xalqımızı gələcəkdə də daha böyük uğurlar və zirvələr gözləyir”.

APA

Xəbərlər