Cəmiyyət 25 Oktyabr 2021, 18:09 | Baxış sayı: 439
"Prezident İlham Əliyevin pişiklə olan fotosunu siyasiləşdirmək, ona müxtəlif don geyindirmək olmaz".

"Prezident İlham Əliyevin pişiklə olan fotosunu siyasiləşdirmək, ona müxtəlif don geyindirmək olmaz. Hesab edirəm ki, bu fotonu dövlət başçısının heyvansevərliyi kimi xarakterizə etmək olar. İt, pişik, at və s. Allahın da sevdiyi heyvanlardır. Yəni, Prezident Allahın sevmədiyini deyə bilinən donuzu sığallamayıb ki, buna mənfi don geyindirsinlər. Bilirik ki, Məhəmməd Peyğəmbər də pişikləri çox sevib. Yəni, bu fotonun İrana "şirin quyruğu" ittihamı ilə bağlı cavab olduğunu hesab etmirəm".

Bunu Pravda.az-a müsahibəsi zamanı Milli Məclisin deputatı Eldar Quliyev Prezident İlham Əliyevin Zəngilan səfəri zamanı çəkilən pişiklə fotosu barədə danışarkən deyib.

Deputat bildirib ki, ermənilər işğal etdikləri əraziləri ötən 30 il ərzində viran gününə qoyublar: "Hər şey kimi elə orada olan heyvanlar da sahibsiz qalmışdı. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. İndi də Zəngilan şəhərinə səfəri zamanı Prezident İlham Əliyev, hətta orda olan sahibsiz heyvanları sığallayır, onlara qayğı göstərir. Azərbaycan hər zaman yalnız sülhə çalışır və regionda davamlı və dayanıqlı sülhün bərpası üçün əlindən gələni edir. Bir iqtisadçı kimi deyirəm ki, doğrudan da, təhlükəsizliyin , sülhün bərqərar olması bütün region ölkələri üçün faydalıdır. Sülh sazişinin bağlanması vətəndaşların daha yaxşı yaşamasını təmin edəcək. Yəni, belə ciddi məsələlərin fonunda bir fotoya qəribə adlar vermək, müxtəlif don geyindirmək lazım deyil. Hamı bilir ki, Putinin yapon iti var. Heç ona demirlər ki, niyə yapon itini sığallayır, siyasi don geyindirmirlər. Hesab edirəm ki, Azərbaycan üçün indiki halda  daha zəruri olan Zəngəzur dəhlizi məsələsini düşünmək və sülh üçün müxtəlif cəhdlər etmək lazımdır".

Xəbərlər