Plenar iclaslar 12 Oktyabr 2023, 15:50 | Baxış sayı: 90
"Prezident İlham Əliyev xalqımızın hörmət və sevgisini qazanıb"

Azərbaycan Prezidenti İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi işlərlə xalqımızın hörmət və sevgisini qazanıb.

Bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz nailiyyətlər əldə edilib: “Bütün bu nailiyyətlərin təməlində Ulu öndər Heydər Əliyevin başlatdığı və İlham Əliyevin davam etdirdiyi xarici və daxili siyasət dayanır. Azərbaycanda istehsal olunan ÜDM 3,6 dəfə artıb. Biz parlamentdə hər il dövlət büdcəsini müzakirə və təsdiq edirik. 20 ilə yaxındır dövlət büdcəsini gəlirləri 25 dəfədən çox, xərcləri isə 26 % artıb. İnsanların rifah halı yüksəlib. Ölkəmizin yüksəlişi bir sıra amillərlə bağlıdır. Azərbaycan neft və qaz yataqları ilə zəngindir. Prezident İlham Əliyev neft və qaz yataqlarından səmərəli istifadəni dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Prezident İlham Əliyevin həyata keçirdiyi layihələr həm indiki, həm də gələcək nəsillərin firavan yaşamasına şərait yaradacaq. Ancaq iqtisadiyyat bir sahədən asılı ola bilməz. Ona görə də qeyri-neft sektorunun inkişafı da müşahidə edilir. Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları həcmində sərmayə qoyulub. Həyata keçirilən infrastruktur layihələri nəticəsində ölkəmiz nəqliyyat dəhlizinə çevirilib.

Prezident İlham Əliyevi rəhbərliyi ilə qanunun aliliyinə əsaslanan inklüziv cəmiyyət formalaşdırılıb. Milli həmrəyliyin möhkəmləndirilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevi rəhbərliyi ilə ölkəmiz nüfuzunu daha da artırıb. Qarabağı və Şərqi Zəngəzuru heç vaxt görməyən, ancaq ərazi bütövlüyümüz uğrunda canından keçməyə hazır olan gənc nəsil yetişdirilib. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində qələbə təmin edildi. 30 illik işğal altında olan torpaqlarımız azad olunub. Dünya tarixində möhtəşəm Zəfərə imza atmaqla cənab Prezident adını tarixə həkk edib. Bu ilin sentyabr ayında Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri bütün ərazilərimizdə suverenliyimizi bərpa edib. Bu gün bunu qətiyyətlə söyləyirik. Qarabağı könüllü şəkildə tərk etmək istəyən erməni sakinlərin bunu necə həyata keçirdiyini hamı gördü. Qarabağ ərazisində qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün tədbirlər görülür. Azərbaycan Ermənistanla sülh danışıqlarını davam etdirməyə hazırdır. Bunu dövlət başçısı son çıxışında bir daha bəyan etdi. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. İnamla söyləmək olar ki, tezliklə bütün köçkün soydaşlarımızın yurd həsrətinə son qoyulacaq. Bu gün Azərbaycan ən şanlı dövrünü yaşayır. Biz əminik ki, Prezident İlham Əliyevin səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da yerinə yetirməyə imkan yaradacaq. Biz möhtərəm Prezidentə tarixi missiyasını həyata keçirməkdə daha böyük uğurlar arzulayırıq”.

Daha sonra Sahibə Qafarova Milli Məclisdə Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx hazırlandığını bildirib və deputatları videoçarxa baxmağa dəvət edib.

Mənbə:APA

Xəbərlər