Siyasət 11 Oktyabr 2023, 16:51 | Baxış sayı: 182
“Prezident 30 il sonra Füzuliyə həyat qaytarır”

“Qarabağ və Şərqi Zəngəzur işğalda olan zaman Prezident İlham Əliyev Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında bildirirdi ki, “nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik və hətta əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq”. Beləliklə, İkinci Qarabağ müharibəsində Zəfərlə işğala son qoyuldu”. Bu sözləri açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan cəmi 8 gün sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Qarabağ və Şərqi Zəngəzura səfər edən cənab İlham Əliyev Azərbaycan tarixinin ən böyük Zəfərinin ardınca tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi: “İntensiv formada davam edən bütün işlər Azərbaycanın öz imkanları hesabına həyata keçirilir və bütün dünya bir daha görür ki, cənab İlham Əliyev necə qüdrətli bir dövlət qurub. İşğala son qoyulmasından cəmi 3 il keçir, amma artıq bölgədə iki beynəlxalq hava limanı uçuşları qəbul edir, yaxın iki il ərzində isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən də Füzulidə artıq həyat qaynamağa başlayıb”.

Bəhruz Məhərrəmov sözlərinə belə davam edib: “Bildiyiniz kimi, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur, möhtərəm Prezidentin özünün açıqladığı rəqəmə əsasən, Füzulidə yüz mindən çox mina basdırılıb. Buna baxmayaraq birinci infrastruktur layihələri məhz Füzulidə başlamış, bir tərəfdən təhlükəsiz və ləyaqətli qayıdışın təmin olunması üçün ərazilərin minalardan təmizlənməsi həyata keçirilmiş, paralel şəkildə də Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanmağa başlanmışdı.

İşğal dövründə Ermənistan Füzulini qapalı zonaya çevirmişdi, bölgəyə heç bir beynəlxalq qurum buraxılmırdı, çünki burada törədilən vəhşiliyin ifşa edilməsini istəmirdilər. Cənab Prezidentin özünün də dəfələrlə ən ali tribunalardan bəyan etdiyi kimi, “Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq”.

Amma işğala son qoyulan andan artıq bölgənin ab-havası dəyişməkdədir. 2021-ci ilin oktyabr ayında Prezident və Birinci xanımın Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlət başçısı Füzuli sakinlərinə müjdəni şəxsən vermişdi – “Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək”.

Həqiqətən də, müharibədən cəmi iki il yarım sonra artıq Füzuliyə həyat qayıtmaqdadır. Bir zaman ruhlar şəhəri olan Füzulidən artıq məktəb zənginin səsi, uşaqların şən səsləri gəlir. Bir sözlə, möhtərəm cənab Prezident 30 il sonra Füzuliyə həyat qaytarır, Füzuli dirçəlir və müasir Avropa şəhərinə çevrilir.

Daha 22 ailə - 59 insanın öz Müzəffər Liderinə minnətdarlıq hissi ilə doğma Füzuliyə geri dönməsi də bu prosesin tərkib hissəsidir.

Bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin təsis olunması ilə ərazi bütövlüyümüz, sentyabrın 19-da isə suverenliyimizin tam bərpa edilməsinin ardınca indi də Qarabağ və Şərqi Zəngəzurda ləyaqətli həyat, buranın əzəli sakinlərinin, əsl sahiblərinin köçü ilə əbədi formada bərpa olunur”.

sia.az

Xəbərlər