Cəmiyyət 22 İyun 2023, 0:45 | Baxış sayı: 142
"Polisi hədəfə almaq elə dövləti hədəfə almaqdır"

“Gədəbəydə baş verən verən olaylar, təbii ki, arzu edilməyən vəziyyətdir. İnsidentin bütün aspektləri dövlət tərəfindən köklü formada araşdırılacaq. Lakin sübuta ehtiyacı olmayan bir dəyişməz həqiqət var ki, vətəndaşların ərazidə inşa olunan süni gölün tikintisinə müdaxiləsi qanunsuz idi. Həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə polisin qanuni tələblərinə zidd toplaşmışdılar. "Polis haqqında" qanuna əsasən, polisin 17 əsas vəzifəsi təsbit olunub ki, bunlardan da ilk ikisi ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, habelə cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görməkdir. Kadrlardan da görünür ki, qanunsuz toplaşan şəxslər polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd edərək, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq polisə daş atır, eyni zamanda daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetiriblər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deptat bildirib ki, polis adekvat tədbirlər görməli idi: “Polisin qanunvericilikdə təsbit olunmuş hüququ da var ki, qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətsin, habelə xüsusi vasitələr, o cümlədən xüsusi təyinatlı gözyaşardıcı qazlar gəzdirsin və tətbiq etsin. “Polis haqqında” qanunun 26-cı maddəsinə əsasən, polis əməkdaşı onun qanuni tələblərini icra etməyən şəxsə qarşı hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə, o cümlədən insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə  xüsusi vasitələri tətbiq edə bilər. Gədəbəydə qadına qarşı gözyaşardıcı qazın tətbiqinə gəlincə, ümumiyyətlə, həm qanuna, həm Daxili İşlər Nazirliyin normativ bazasına əsasən, polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiqinin qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir. Cari məsələ üzrə də, təbii ki, bu rəy veriləcək və yalnız bundan sonra polisin pozuntuya yol verib-vermədiyini demək olar. Əlbəttə, yaşlı qadına münasibətdə xüsusi vasitənin tətbiqi arzu edilməzdir, amma eyni zamanda övladı yaşda polisə daş atmaq, əxlaqa zidd ifadələr işlətmək də yaşlı bir qadına yaraşmır. Polisi hədəfə almaq elə dövləti hədəfə almaqdır. Bu mənada məsələ araşdırılacaq deyiriksə, hər kəs bilsin ki, məsələ bütün istiqamətlər üzrə araşdırılacaq. Bu insidentə səbəb olanların da, baş verənlər ətrafında şou qurub Azərbaycan polisinin nüfuzunu hədəfə alanların da, eyni zamanda səlahiyyət həddini aşıb qanun pozuntusuna yol verən polisin də əməlinə birgə, əlaqəli formada qiymət veriləcək”.

Xəbərlər