Cəmiyyət 19 Avqust 2022, 12:00 | Baxış sayı: 194
”Piyadalara yönəlik mövcud normalar güzəştsiz tətbiq olunmalıdır”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov İnzibati Xətalar və Cinayət Məcəllələrində yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi əleyhinə olan əməllərə baxışda müəyən dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb: "İlk növbədə, piyadaların məsuliyyəti məsələsi və müəyyən edilmiş sanksiyalar daha təsirli, tənbeh və cəzanın məqsədləri isə daha da uyğun olmalı və ağlabatanlıq prinsipi gözlənməlidir. Habelə, piyadalara yönəlik mövcud normalar ölü norma olmaqdan çıxmalı, yəni güzəştsiz tətbiq olunmalıdır. Fəaliyyət qabiliyyətli bir piyada işıqforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsi, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılması, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsi kimi əməlləri yanında olan uşaqla birgə törədirsə, bu adam həm özünü, həm də uşağı təhlükəyə atır. Eyni zamanda, o, uşaq üçün çox pis örnək aşılayır. Bu mənada başqasının həyatını təhlükəyə atma, yaxud uşaq üçün aşkar pis örnək təbliği kimi xoşagəlməz hallara ayrıca hüquqi qiymət verilməli və kifayət qədər sərt sanksiyalar tətbiq olunmalıdır".

Deputat həmçinin nəqliyyat vasitələrinin istismarı qaydaları pozuntusuna görə tətbiq olunan cəzalarla da bağlı danışıb: "Alkoqoldan istifadə ilə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması arasında fərq qoyulmur. Çünki qanunla nəzərdə tutulmuş sanksiyalar eynidir. Bu mənada, İnzibati Xətalar Məcəlləsidəki 333-cü və Cinayət Məcəlləsinin 263-1 maddələrinin sanksiyalarını yalnız alkoqol təsirində nəqliyyat vasitəsini idarə edən şəxs üçün tətbiqini saxlamalı, narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edənə isə fərqli cəza və tənbeh tətbiq olunmalıdır. Qeyd etdiyim istiqamətdə təkliflər artıq qanun layihəsi kimi hazırlanıb və yaxın vaxtlarda tərəfimdən Milli Məclisin aparatına təqdim olunacaq”.

Mənbə: Pravda.az 

Xəbərlər