"Peşə təhsilini aldıqdan sonra gənclər işlə təmin edilmir".
“Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət yetirir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.
Deputat bildirib ki, ölkədə təhsil sistemi XXI əsrin çağırışlarına cavab verən sistemə çevrilib: “Azərbaycanda peşə təhsilinin inkişafı üçün yeni Agentlik və Fond yaradılıb. Azərbaycanda kənd təsərrüfatı, sənaye kimi sahələrdə ciddi kadr potensialına ehtiyac var. Bunun üçün peşə təhsilli gənclərin sayı artırılmalıdır. Hazırda əmək bazarında tələb olunan müxtəlif peşələr üzrə Bərdə Peşə Liseyində hər cür şərait yaradılıb. Lakin peşə təhsilini aldıqdan sonra gənclər işlə təmin edilmir. Bunun üçün aidiyyəti işlər görülməli, işəgötürənlərlə görüşlər keçirilməlidir. Peşə liseyin rəhbərləri bu məsələdə maraqlı tərəf kimi çıxış etməlidir. Bilirsiniz ki, azad edilmiş ərazilərdə də Böyük Qayıdışın reallaşması üçün gec-gündüz demədən işlər həyata keçirilir. Peşə təhsili gənclər bu işlərə öz töhfəsini verə bilər”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə qeyd edib ki, bu gün yüksək səviyyədə peşə təhsili verən müəssisələr var: “Bu gün burada onların işlə təmin olunması məsələsi qaldırılır. Peşə təhsili alan insanlar bu gün tam işlə özlərini təmin edə bilərlər. Bu gün bu şəxslərin əmək qabiliyyətinə uyğun savadı, biliyi olacaqsa, onlar işlə təmin olacaqlar. Peşə təhsili inkişaf etməlidir”.