Qanun Layihələri 7 Sentyabr 2022, 17:34 | Baxış sayı: 195
“Passiv mövqedə dayanan siyasi partiyaların fəaliyyətinə yenidən baxılması zəruridir”

“Ölkəmizdə fəaliyyət göstərən 39 siyasi partiyanın müraciəti əsasında Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantı hazırlanaraq ictimai müzakirələrə təqdim olunub. Azərbaycan son 30 ildə böyük inkişaf yolu keçib. Demək olar ki, cəmiyyətin hər bir sahəsində böyük dəyişikliklərə imza atılıb. Ölkədə iqtisadi və idarəetmə sistemində islahatlar aparılıb, siyasi mühütün daha demokratikləşdirmə prosesi davam edir. Demək olar ki, bütün siyasi partiyalar arasında dialoq mühütü, milli maraqları kəsb edən məsələlərdə vahid mövqedən çıxış etmək mədəniyyəti formalaşıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, 44 günlük Vətən Müharibəsində siyasi baxışlarından asıllı olmayaraq, demək olar, bütün partiyalar birləşib həmrəylik nümayiş etdirdilər: “Onların xalqımızın haqq işini dəstəkləmələri yeni reallıqdır. Müharibədə qazanılmış qələbədən sonra yaranmış yeni reallığa uyğun siyasi partiyaların aktivliyinin artırılması və siyasi proseslərdə iştirak edərək cəmiyyətin aktiv qüvvəsinə çevrilməsi aktuallaşıb. Hesab edirəm ki, passiv mövqedə dayanan və siyasi proseslərdən kənarda qalmağa üstünlük verən siyasi partiyaların fəaliyyətlərinə yenidən baxılması da zəruridir. İctimai müzakirələrə təqdim olunmuş qanun layihəsinin hazırlanmasında Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Qanun layihəsində siyasi partiyaların fəaliyyətində keyfiyyətin artmasına xidmət edəcək dəyişikliklər nəzərdə tutulub. Qanun layihəsi ilə bağlı Milli Məclisdə ictimai müzakirələr keçiriləcəyi planlaşdırılır və səsləndiriləcək yeni səmərəli təkliflər nəzərə alınacaq. Milli Məclisin payız sessiyasında geniş müzakirələr aparılmaqla “Siyasi partiyalar haqqında” qanun layihəsi qəhbul olunacaq. Hesab edirəm ki, qəbul olunacaq qanun layihəsi ölkəmizdəki siyasi mühiti keyfiyyətcə yeni mərhələyə daxil edəcək”.

Xəbərlər