"Paşinyanın sülhməramlıların Ermənistana köçürülməsindən ehtiyat etməsi yersizdir"
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlılarının Ermənistana köçürülməsinin əleyhinədir. Erməni siyasətçi bildirib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsə, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiya Federasiyasına qayıtmalıdırlar.
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Hikmət Bababoğlu bildirdi ki, bu, daha çox Ermənistan və Rusiya arasında olan məsələlərdir.
Onun sözlərinə görə, ümumiyyətlə, belə bir ehtimalın olması mümkündürmü sualının cavabında yəqin ki, Paşinyan o fikri səsləndirib.
"Biz bilirik ki, Ermənistan müstəqil dövlət olmadığı üçün onun ərazisində üçüncü ölkənin və yaxud ölkələrin axır dövrlərdə də hərbi iştirakçılığı mövcuddur. Ermənistan sərhədlərini Türkiyə və İranla Rusiya sərhədçiləri qoruduğu halda, Ermənistanda Rusiya Federasiyasının 102 saylı hərbi bazası olduğu halda, mən düşünürəm ki, Paşinyanın 1960 nəfərlik sülhməramlı missiyanın Ermənistana köçürülməsindən ehtiyat etməsi yersizdir. Yəni elə bir əhəmiyyət daşımır. Rusiya da sülhməramlıları Ermənistana köçürülməsində hansı məqsədi güdür? Bu da aydın deyil, amma hər halda Paşinyan baş nazirdir. Belə bir fikir səsləndirirsə, demək ki, belə bir ehtimalın olduğunu güman edərək bu fikri səsləndirir. Amma buna paralel olaraq biz bilirik ki, Ermənistan da get-gedə daha çox ölkələrin hərbi iştirakçılığı ilə formalaşan bir platformaya çevrilir. Bilirik ki, Avropa İttifaqının yarı hərbi missiyası Ermənistanda var. Bu günlərdə Fransa və Amerika Birləşmiş Ştatlarının sülhməramlı və ya xilasetmə missiyası adı altında hərbi iştirakçılıq halları baş verib. Əgər bir və ya birdən çox hərbi iştirakçılıq varsa, onda Paşinyanın nəyə etiraz etdiyi də aydın olmur. Bütün hallarda bu məsələ Ermənistan və Rusiyanın məsələsidir",- deyə H.Babaoğlu qeyd etdi.
redaktor.az