Siyasət 19 Oktyabr 2023, 13:43 | Baxış sayı: 178
“Paşinyanın çıxışında müsbət məqamlar var”

“Əslində, Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Şurasının Parlament Assambleyasındakı məlum çıxışında həm müsbət məqamlar var, həm də əvvəlki formada anti-Azərbaycan mövqeləri səslənib”. 

Bu sözləri açıqlamasında Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov deyib. 

Millət vəkili Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Şurasının Parlament Assambleyasındakı çıxışında münasibət bildirib. 

Xatırladaq ki, erməni nazir çıxışında Azərbaycanı Qarabağ ermənilərinə qarşı etnik təmizləmədə ittiham etməsinə baxmayaraq, həmçinin yekun sülh müqaviləsinin imzalanmasıyla bağlı fikirlərini də bölüşüb. Paşinyan qeyd edib ki, İrəvan ilin sonuna qədər sülh müqaviləsinin Moskvanın orbitindən kənarda imzalanmasının tərəfdarıdır. Eləcə də o, Ermənistanın yurisdiksiyası daxilində Mehri dəmiryolunun fəaliyyətə başlamasında da ölkəsinin maraqlı olduğunu dilə gətirib. 

E.Nəsirov isə hesab edir ki, Paşinyan dünən Azərbaycanı, eləcə də beynəlxalq təşkilatları və birliyi də ittiham edib: 

“Onun sözlərinə görə, siqnallar var idi ki, guya Azərbaycan Qarabağ ermənilərinə qarşı deportasiya, etnik təmizləmə siyasəti həyata keçirəcək və s. Həmçinin Paşinyan əlavə edib ki, guya İrəvan ilboyu bu barədə həyəcan təbili çalsa da, beynəlxalq ictimaiyyət bu məsələlərdə biganə qalıb. Fikir verirsinizsə, o, növbəti dəfə dezinformasiya yayıb. Çünki hər kəsə bəllidir ki, Qarabağ erməniləri bölgəni könüllü tərk ediblər. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağ ermənilərinə “getməyin, qalın” deyə müraciət etdi. Onlardan soruşanda ki, “niyə gedirsiniz”, çox absurd cavablar verirdilər ki, “qonşum getdi deyə mən də gedirəm”. Onlar həm də bildirirdilər ki, kimsə onları orada sıxışdırmır, sadəcə, könüllü gedirlər”. 

“Eyni zamanda Baş nazirin nitqində o da səslənib ki, İrəvan ilin sonuna qədər rəsmi Bakı ilə sülh müqaviləsi imzalamaq istəyir. Paşinyan belə niyyətinin olduğunu ortaya qoyub. Yeri gəlmişkən, Azərbaycan Prezidenti də bildirmişdi ki, proseslər müsbət məcrada cərəyan etsə, ilin sonuna qədər sülh müqaviləsi imzalamaq olar. Ancaq sülh müqaviləsinin imzalanması ilə bağlı burada vasitəçi kimi Brüssel formatı iştirak edir, o cümlədən Vaşinqtondan da eyni istiqamətdə vasitəçilik missiyası irəli sürülüb. Bu prosesdə Moskvanın fəallığını da hər kəs bilir. Sanki sülh müqaviləsinin Moskva və ya Brüssel, yaxud da ki, Vaşinqtonda imzalanması ilə bağlı bir mübarizə başlayıb. Bu prosesdə açıq mətnlə Baş nazir Paşinyan Rusiyanın vasitəçiliyinin deyil, əksinə, Brüssel formatı çərçivəsində sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin Moskvanın bu prosesdən kənarda qalmasında israrlıdır”, – deputat əlavə edib. 

Müsahibimizə görə, bu, onu göstərir ki, son dövrlər İrəvan-Moskva münasibətləri son dərəcə kəskinləşib özünün kritik dövrünü yaşayır:

“Ancaq bizim üçün əsas olan odur ki, sülh müqaviləsi imzalansın və nəhayət ki, regiona uzunmüddətli, dayanıqlı sülh gəlsin, əməkdaşlıq mühiti formalaşsın. Hansı mərkəz bu prosesə real köməklik edə biləcəksə, biz onu dəstəkləyirik, təki, bölgəmizə sülh gəlsin, çünki bizim mövqeyimiz budur. Azərbaycan fərqli olaraq isə Ermənistan, daha doğrusu Baş nazir Paşinyan yenə də siyasi manipulyasiyalarla məşğuldur. O, dəfələrlə söylədiyi fikirlərdə mövqeyini dəyişməsinə görə onun budəfəki fikirlərinin etibarlığına elə də inam yoxdur”. 

yenisabah.az

Xəbərlər