Siyasət 16 Mart 2023, 14:39 | Baxış sayı: 171
"Paşinyan yenə faşist mahiyyətini ortaya qoyur"

Azərbaycanlıların öz tarixi yurdlarından  zorla qovulması ilə bağlı xeyli tarixi və coğrafi faktlar mövcuddur
 
 
 
  Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırmışdı. Qeyd olunmuşdu ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hələ də öz evlərinə qayıda bilməməsi, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. İcma bu yanaşmanın davamlı sülhün bərqərar olunmasına böyük əngəl törətdiyini bildirmişdi. Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətinə müraciətinə münasibət bildirib. Paşinyan həyasızcasına irəli gedərək iddia edib ki, Ermənistanda heç vaxt zorla köçürülmə və qovulma prosesi baş verməyib. O, arxivdə Sovet Ermənistanı hökumətinin azərbaycanlılara astronomik məbləğdə kompensasiya ödədiyini bildirib: “Onlar öz xoşları ilə getdilər. Düzdür, geosiyasi vəziyyət təsir göstərdi, amma heç bir qovulma olmayıb”. Baş nazir Qərbi Azərbaycan İcmasının haqlı tələblərini Ermənistana "ərazi iddiası" kimi təqdim edib: "Bir vaxtlar Naxçıvanda yaşamış, daha sonra oradan qovulan ermənilər var. Naxçıvan erməniləri Ermənistan hökumətini öz qanuni hüquqlarının həyata keçirilməsinə mane olduğuna görə qınayırlar”. Nikol iddia edib ki, həmin vaxt Naxçıvanda erməni tarixi-mədəni irsi məhv edilib: “Bütün əsr boyu məcburi ermənisizləşdirmə aparıldı və bir müddət sonra orada bir nəfər də olsun erməni qalmadı”. Baş nazir Bakı, Sumqayıt, Gəncə və digər azərbaycanlı yaşayış məntəqələrindən erməni əhalisinin "kütləvi deportasiya" edildiyini deyib: “Azərbaycandan qovulan ermənilərin kompensasiya tələb etmək hüquqları var. Bu insanlar öz hüquqları uğrunda mübarizə aparacaqlar”. Həm Qərbi Azərbaycan İcması, həm Xarici İşlər Nazirliyimiz Paşinyanın sərsəm bəyanatlarına cavab veriblər. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib ki, Baş naziri Nikol Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtma hüququ ilə bağlı qeyri-konstruktiv və insan hüquqlarına zidd yanaşma sərgiləyib: "Xüsusilə təəssüf doğuran haldır ki, Baş nazir Ermənistandan azərbaycanlıların qovulması faktını inkar etməyə cəhd edib. O, çox yaxşı bilir ki, Ermənistan hökuməti 1988-ci ildə yüz minlərlə azərbaycanlını məhz etnik ayrı-seçkilik əsasında, fiziki şiddət tətbiq edərək, ərzaqdan, təhsildən, tibbi və sosial xidmətlərdən məhrum edərək qovub. Bu insanların əksər hissəsinin çox qısa bir müddət ərzində qovulmuş olması onlara qarşı cinayətin nə dərəcədə sistemli və mütəşəkkil olmasını göstərir. Ermənistandan azərbaycanlıların qovulması insanlıq əleyhinə cinayətdir. Baş nazirin diqqətinə çatdırmaq istərdik ki, insanlıq əleyhinə cinayəti inkar etmək həmin cinayətin davamıdır. Bundan başqa, baş nazirin bizim geri qayıtmaq hüququmuzu dərhal ərazi müstəvisində görməsi çox mətləbdən xəbər verir. Ermənistanın hökumət başçısının təbirincə, müəyyən etnik qrupun kompakt yaşaması ancaq və ancaq ərazi iddiası deməkdir. Məhz bu düşüncə tərzi Ermənistanın mono-etnik əraziyə çevrilməsini və Azərbaycana qarşı ərazi iddialarını və işğalçılıq siyasətini izah edir. Bir daha vurğulamaq istərdik ki, beynəlxalq zəmanət və verifikasiya mexanizmləri altında təhlükəsiz və ləyaqətlə geri qayıtmaq bizim əzəli və təməl haqqımızdır. Bizim geri qayıtmaq hüququmuz mütləqdir və müzakirə mövzusu deyil. Biz İcma olaraq bu hüququmuzu sülh və dialoq yolu ilə reallaşdırmaqda qərarlıyıq. Baş nazirə bir daha çağırış edirik ki, insan haqlarının aliliyinə hörmət etsin və qayıdışımıza əngəl törətməyi dayandırsın”.
  XİN-dən də vurğulanıb ki, Ermənistan baş nazirinin azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Ermənistanın sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir: "Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. İndiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün baş nazirin bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub".
  Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Şərq"ə açıqlamasında bildirib ki, Qərbi Azərbaycanda minillər boyu aborigen xalq olaraq yaşayan soydaşlarımıza qarşı törədilmiş vəhşiliklərin, kütləvi deportasiyaların Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən inkar edilməsi onun faşist mahiyyətini, düşüncə və niyyətini ortaya qoyur. Deputat bəyan edib ki, azərbaycanlıların öz tarixi yurdlarından, indiki Ermənistan ərazisindən zorla qovulması ilə bağlı xeyli tarixi və coğrafi faktlar mövcuddur: "Hətta ermənilərin bəzi vicdanlı müəllifləri Qərbi Azərbaycanda soydaşlarımızın aborigen xalq olduğunu etiraf etməyə məcbur olublar. Bölgə ilə bağlı çar Rusiyası dövründə hazırlanmış onlarla xəritələr mövcuddur. Həmin xəritələrdə bütün çay və yer adları başdan-başa türk adlarıdır. Orada tək-tük erməni və ya rus mənşəli adlara hardasa rast gəlmək olar. Nəzərə alaq ki, vaxtı ilə bölgəmiz romalıların, ərəblərin, farsların hücumlarına məruz qalıb. Onların arasında barmaqla sayılacaq erməni adlarının olması ehtimalı var. Ancaq mütləq əksəriyyətin, 90 faizdən yuxarı toponimlərin Azərbaycan türkcəsində olması danılmaz həqiqətdir. Bu həqiqətlərə göz yummaq, azərbaycanlıların haqq işinə saxta yanaşma sərgiləmək Paşinyanın qərəzinin, savadsızlığının və faşist düşüncəsinin məntiqi nəticəsidir".
Parlament üzvü bəyan edib ki, ölkə Prezidenti səviyyəsində dəfələrlə vurğulanıb ki, burada söhbət Qərbi azərbaycanlıların öz yurdlarına dinc yolla qayıtmasından gedir: "Paşinyanın dediyi kimi, hansısa "ərazi iddiasından" söhbət getmir. Həm də hələ bilmək olmaz ki, tez-tez "torpaq iddiası"ndan danışan Paşinyan Ermənistanın indiki ərazi bütövlüyünü qoruyub-saxlaya biləcəkmi? Bu məsələnin özü ciddi sual doğurur. Cənubi Qafqazda gedən proseslər göstərir ki, Ermənistan Respublikasının çöküşü tarixi zərurətə çevrilməkdədir. Ermənistan Rusiyanın geopolitik məqsədlərinə xidmət edən qondarma bir "dövlət" olaraq yaradılıb. Qərbi azərbaycanlılar öz tarixi yurdlarına qayıtmaq niyyətindədirlər və bu niyyət kifayət qədər ciddidir. Bu, dövlətimizin və millətimizin hədəflədiyi strateji məqsədlərdən biridir. Paşinyanın bu cür sayıqlaması, absurd iddiaları soydaşlarımızın öz dədə-baba yurdlarına geri dönməsinə heç bir şəkildə mane ola bilməyəcək". 

Xəbərlər