"Paşinyan qədər mövqeyini dəfələrlə dəyişən ikinci bir lider tapmaq mümkün deyil"
“Ərazi bütövlüyümüzü tanıdığını bəyan edən, “Qarabağ Azərbaycandır” deyən, Paşinyanın sentyabr ayının 2-də qondarma rejimin ildönümü ilə bağlı bəyanatı əvvəlki çıxışları ilə ziddiyyət təşkil edir”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
O deyib ki, dövlət başçıları arasında Paşinyan qədər mövqeyini qısa müddət ərzində dəfələrlə dəyişən ikinci bir lider tapmaq mümkün deyil, əgər ona lider demək olarsa:
“Vaşinqtonda olarkən ABŞ-ni məmnun edəcək bir mövqe sərgiləyir, Parisdə olarkən Makronun xoşuna gələcək jestlər edir, Moskvada Putinin maraqlarından çıxış edir, Brüsseldə isə Şarl Mişelin dedikləri ilə razıymış kimi özünü göstərir. Paşinyan riyakar insanın ən bariz nümunəsidir”.
Deputat qeyd edib ki, Ermənistanda siyasi – hərbi hakimiyyət Qarabağ məsələsilə bağlı B planını işə salıb, A planı iflasa uğradı:
“Bu, Qarabağın Azərbaycandan ayrılıb, Ermənistana birləşməsini ehtiva edirdi. İndi başa düşürlər ki, bunu tələb etmək absurddur. Qarabağda yaşayan erməni əhalinin siyasi hüquqlarını və təhlükəsizlik məsələlərini gündəmə gətirməklə onlar üçün yüksək muxtariyyət statusu əldə etmək istəyirlər. Lakin burada da incə bir məqam var. Bu statusu əldə edib, onun beynəlxalq protektorat altında fəaliyyət göstərməsini istəyirlər. Buna görə də çalışırlar ki, heç bir halda Qarabağda dinclik olmasın, ermənilərlə azərbaycanlılar arasında etimad yaranmasın. Siyasi və hərbi təxribatlarla məşğul olmaları da bundan qaynaqlanır”.
demokrat.az