"Paşinyan “köç” rəqəmini şişirtməklə xaricdən daha çox pul almaq istəyir"
"Nikol Paşinyan hökuməti “köç” rəqəmini şişirtməklə xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir".
Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağdan köç edən 100 min erməninin Ermənistanda guya humanitar böhran yaratması barədə müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və qərb mətbuatında çox danışılır: "Ancaq biz yaxşı bilirik ki, Ermənistan bütün məsələlərdə olduğu kimi, Qarabağ ermənilərinin sayında yenə də manipulyasiyaya və təhrifə yol verir. Axı 5-6 həftə bundan öncə bütün dünya erməniləri və onları dəstəkləyən ölkələr səs-küy salırdılar ki, Qarabağda 120 min erməni var və onlar “blokada”dan əziyyət çəkirlər. İndi isə deyirlər ki, Qarabağdan köç edənlərin sayı 100 min, orda qalanların sayı isə 50 nəfərdir. Sual olunur, iddia etdiyiniz 120 min adamın 20 mini hardadı? Bəs, onlar hara qeyb oldular? Yoxsa, başqa planetə köçdülər, xəbərimiz yoxdu?".
Deputat bildirib ki, nə 120 min, nə də 100 min rəqəmi həqiqəti əks etdirmir və bu Ermənistanın rəqəmləri manipulyasiya etməsindən başqa bir şey deyildir: "Heç kimə sirr deyil ki, Paşinyan hökuməti “köç” rəqəmini şişirtməklə həm xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir, həm də həmişəki kimi icad etdiyi “humanitar böhran”ı Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etmək istəyir. O ki qaldı Ermənistana gedən Qarabağ ermənilərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün tələb olunan vəsaitə, BMT bu rəqəmi 100 milyon dollar civarında olduğunu müəyyən edib. Bu vəsaiti təmin etmək üçün isə xaricdən pul dilənməyə ehtiyac yoxdu, ona görə ki, Ermənistanın dövlət büdcəsindən 2023-cü il üzrə Qarabağ erməniləri üçün qanunsuz olsa da 370 milyon dollar vəsait ayrılmışdı. Bu vəsaitlə Qarabağ ermənilərinin bütün xərclərini artıqlaması ilə qarşılamaq mümkündür".
Milli Məclisin üzvü son günlər Ermənistan, o cümlədən bir sıra ölkələr və beynəlxalq təşkilatlara etdiyi çağırışdan bəhs edib və xatırladıb ki, Ermənistan Azərbaycan Qarabağdan gedən ermənilərin qeyd-şərtsiz Qarabağa geri qayıtmalarını təmin etməli olduğunu bildirib: "Buradakı “qeyd-şərtsiz” ifadəsi başadüşülən və qəbuledilən deyil. Əlbəttə, Azərbaycan hökuməti Qarabağ ermənilərinin geri dönməsində maraqlıdır və bu istiqamətdə müvafiq tədbirlər görülür. Lakin geri dönüş Azərbaycanın vətəndaşlığını və yurisdiksiyasını qəbul edən Qarabağın əsl sakinlərinə şamil ediləcəkdir. İşğal zamanı başqa ölkələrdən, o cümlədən yaxın şərqdən gətirilib torpaqlarımızda qanunsuz məskunlaşdırılanlar heç bir halda geri qayıda bilməz".
A.Quliyev vurğulayıb ki, işğal edilən ərazilərin qanunsuz məskunlaşdırılması müharibə cinayəti hesab olunur və bu cinayəti törədənlərin bir neçəsi həbs olunub və hal-hazırda istintaq təcridxanasında müstəntiqlərimizin suallarını cavablandırırlar: "Eyni zamanda geri dönüş bir tərəfə deyil, hər iki tərəfə olmaldır, yəni Qərbi Azərbaycandan qovulan 300 min soydaşımız da təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə və doğma toqpaqlarına geri dönmək imkanı əldə etməlidirlər".
report.az