"Paşinyan buna məhkumdur. Ermənistanı bir dövlət kimi yaşatmaq, qoruyub-saxlamaq üçün Azərbaycanla sülh sazişi imzalanmalı, ölkəmizin ərazi bütövlüyü etiraf olunmalı, tanınmalıdır".
"Rusiyaya bəhanə verməməliyik" – Fəzail Ağamalı
Azərbaycan öz torpaqlarını işğalından azad edəndən sonra region yeni mərhələyə qədəm qoyub. Burada marağı olan güclər, dövlətlər Qarabağda status-kvonu bərpa etmək üçün çapalayır. Rusiya regiona nəzarət etdiyini iddia edir və sülhməramlıların iştirakı ilə Qarabağda proseslərə nəzarəti əlinə almağa çalışır. Bu gərgin prosesdə Azərbaycan və Türkiyə arasında bağlanan “Şuşa Müttəfiqlik Bəyannaməsi” regionda ümid doğuran məqam kimi önə çəkilir. Azərbaycanın müharibədənsonrakı geosiyasi durumu bu aspektdə birmənalı təhlil olunmur. Bu sözləri Hafta.az-a müsahibəsində Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
- Fəzail müəllim, Qarabağ işğaldan azad olunandan sonra ölkənin mövcud siyasi, geopolitik durumunda hansı yeni reallıqlar meydana çıxıb? Siyasi partiyaların, bütövlükdə cəmiyyətimizin qarşısında hansı vəzifələr durur?
- 44 günlük müharibədə Ermənistanın işğalına son qoyulması Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Müharibədən sonra ölkəmizin diqqəti Böyük Qayıdışın həyata keçirilməsinə yönəldilib. Bununla bağlı dövlət bütün resurslarını hərəkətə keçirib. Eyni zamanda regionun təhlükəsizliyi, sülhün və əmin-amanlığın təmin olunması üçün Azərbaycan Dövləti Türkiyə ilə bərabər həlledici rol oynamağa başlayıb. Bunun konkret nəticəsi kimi, Şuşada Azərbaycan və Türkiyənin müttəfiqliyini özündə ehtiva edən Şuşa Bəyannaməsini qeyd etməliyik. Bəzi ağzıgöyçəklər qəsdən faktları təkzib edərək deyirdilər ki, artıq Türkiyə proseslərdən kənardadır, regiona daxil ola bilmədi və s. Şuşa Bəyannaməsi bu cür insanların sifətinə tərs bir şillə vurdu. Türkiyə bu Bəyannamə ilə Azərbaycanla bərabər həlledici söz sahibinə çevrildi. Müharibədən sonra Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən hadisələrdən biri də uzun illər gözlədiyimiz Müttəfiqlik Müqaviləsi oldu. Bu, bütövlükdə Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin təminatçısı kimi əldə etdiyimiz ciddi uğurdur.
Bütün bu proseslərdə siyasi partiyalar da kənarda qalmayıb. 2020-ci ilin Tovuz döyüşlərindən başlayaraq 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti dövlətimizlə bərabər oldu. Xalqımızla bir oldu, ordumuzu dəstəklədi. Bəyanatlarla, kollektiv şəkildə imzaladıqları sənədlərlə hər bir partiya öz mövqeyini vətəndaşlıq, milli maraqlar, dövlətçilik baxımından ortaya qoydu. Partiyalar təkcə bəyanatlarla kifayətlənmədi. Partiya üzvləri Vətən müharibəsində əlinə silah alaraq müharibədə iştirak etdi, qəhrəmanlıq nümunələri göstərdilər. Onların içərisində şəhidlər də oldu. Xalqımızın bir parçası kimi 44 günlük savaşda düşmənə qan uddurdular. Əminəm ki, dövlətçilik mövqeyində duran, milli maraqlardan çıxış edən partiyalar bundan sonra da dövlətimizin güclənməsi, onun maraqlarının müdafiəsi ilə bağlı fəal iştirak edəcək.
- Ermənistan yenə atəşkəsi pozur, revanşist ideyasından əl çəkmir. Üstəlik, 10 Noyabr Bəyannaməsinə əsasən erməni silahlılarının ərazilərimizdən çıxarılması məsələsi də həll edilməmiş qalır. Hazırda vəziyyət nə yerdədir?
- Parlament seçkilərindən sonra sərhədboyu ərazilərdə erməni silahlı qüvvələrinin mövqelərimizi atəşə tutması epizodik haldır. Bu, Azərbaycan üçün təhlükə təşkil edə bilməz. Düşmənin bu atəşinə qarşı daha ciddi səviyyədə cavablar verilir. Bu gün Ermənistanda özbaşınalıqdır. Parlament seçkilərindən sonra da siyasi böhran aradan qalxmadı, əksinə, özünün yeni mərhələsinə qədəm qoydu. Qalib gələn Paşinyana məğlub olan revanşistlərin önündə gedən qatillər – Köçəryan və Sarkisyan xuntası məğlub oldu. Bunlar məğlubiyyətlərini həzm edə bilmirlər və müxtəlif səviyyələrdə Paşinyana maneçilik törətməyə çalışırlar. Sərhədboyu zonalarda özlərinə sadiq olan generallar və zabitlər vasitəsilə təxribatlar törədib, Azərbaycanı Ermənistanla müharibəyə cəlb etməyə çalışırlar. Təxribat nəticəsində ermənilərin günahı ucbatından erməni əsgər və zabitlərinin öldürülməsi ilə xalqı Paşinyana qarşı qaldrmaq, vəziyyəti ağırlaşdırmağa çalışırlar. Düşünmürəm ki, Kəlbəcər istiqamətindən atılan bu addımlar bizim üçün hər hansı bir problem yaratsın. Bu həmlələr Azərbaycanın qəhrəman Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınır, bundan sonra da alınacaqdır. Ola bilsin ki, Azərbaycanı müharibəyə təhrik edib, Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu prosesə cəlb etmək istəyir. Eyni zamanda, Paşinyan dəfələrlə Fransaya müraciət edərək qoşunlarının Azərbaycanla sərhədə göndərilməsi haqqında sərsəm fikirlər söyləyib. Bütün bunlara görə nigarançılıq keçirməyə əsasımız yoxdur. Silahlı Qüvvələrimiz gücünü-qüdrətini Ermənistana, onun müttəfiqlərinə və himayəçilərinə göstərib. Türkiyə Azərbaycanın ərazi bütövlüyünə, təhlükəsizliyinə, suverenliyinə, dövlətçiliyinə hər hansı təhlükə görərsə, dərhal özünün bütün imkanları ilə yanımızda olacaq. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Ermənistan bir dövlət kimi ölkəni səfalətdən, rəzillikdən qurtarmaq istəyirsə, Azərbaycanla sülh sazişinin bağlanmasına çalışmalıdır.
Sülhməramlıların fəaliyyətinə gəlincə, başlıca vəzifələri ermənilərlə azərbaycanlıların kompakt yaşadıqları yerdə baş verə biləcək münaqişənin qarşısını almaqdır. Bundan başqa səlahiyyətləri yoxdur. Sülhməramlılar bir sıra hallarda səlahiyyətlərini aşırlar, daha çox ermənilərin yanında olurlar. “Laçın dəhlizi” vasitəsilə şəxsiyyətləri bilinməyən, revanşist qüvvələrin Qarabağa gəlməsinə imkan yaradırlar. Bunların hamısı yolverilməzdir. Əminəm ki, sülhməramlılar bir neçə ildən sonra “kimlərin arasında sülh yaradaq” dilemması qarşısında qalacaqlar.
Hazırda ermənilər kütləvi şəkildə yaşadıqları Azərbaycan ərazilərindən getməyə başlayıblar. Ali təhsilli müəllimlər, həkimlər, digər peşə sahibləri, az-çox qabiliyyəti olan, yaşı 50-yə qədər insanlar kütləvi şəkildə ərazidən çıxmağa başlayıblar. Ruslar Qarabağda 60 min erməni olduğunu iddia edirlər. Ölkə Prezidenti bu rəqəmi daha dəqiq deyib. Qarabağda 30 minə yaxın erməni yaşayıb. Onun da 70-80 faizi, bəlkə də daha çoxu yaşlı insanlardır. Xüsusilə də Şuşa Bəyannaməsindən sonra ermənilər kütləvi şəkildə ərazilərimizi tərk edir. Orada keçirdiyimiz atəşfəşanlıq, Xarıbülbül festivalı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ölkə Prezidenti İlham Əliyev və çox dəyərli Mehriban xanım və Əminə xanımın Şuşada düzənlənən konsert və milli bayram səhnələrini izləməsindən sonra heç bir erməni orada qalmayacaq. Ermənilər psixoz vəziyyətdədirlər. İmkan tapan kimi oradan gedirlər. Onların qarşısını Rusiyanın sülhməramlıları alır. Ermənilər olmayandan sonra, təbii ki, sülhməramlılar da olmayacaq.
- Narazılıq doğuran məsələlərdən biri də sülhməramlıların erməniləri zorla Xankəndinə köçürməsi və onlara şərait qurması faktıdır. Bu sülhməramlılar nəyə görə vaxtilə orada yaşamış azərbaycanlıları öz yerlərinə qaytarmağa maraq, təşəbbüs göstərmirlər?
- Bunu ancaq Xankəndidə, Xocavəndin ermənilər yaşayan hissələrində etmək olar. Ermənilərin yaşadığı ərazilərdə minalar yoxdur deyə, orada yaşamaq olar. Bu köçürülmə indiki gərgin psixoloji durumda məqbul deyil. Hələlik məğlub olan, əzilən və illəruzunu Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə qidalandırılan ermənilərin təxribat törətməyəcəyinə güman yoxdur. Onlar istədikləri addımı ata bilərlər, yenidən vəziyyət gərginləşə bilər. Eyni zamanda Rusiya bundan istifadə edib sülhməramlıların əlavə qüvvələrini bura gətirə bilər. Qarşıdurma üçün Rusiyanın xüsusi xidmət orqanlarının əlində kifayət qədər variant var. Buna əsas verməmək üçün ölkə Prezidentinin başlamış olduğu və davam etdirdiyi xətt olduqca doğru, müdrikdir. İşğaldan azad olunmuş ərazilərdə yollar, hava limanları, elektrik, qaz, su və sair kommunal xətlər bərpa olunur, ərazilər minalardan təmizlənir. Həmin ərazilərdə quruculuq işlərinə start verilib. Təbii ki, əhalimiz o yerlərə köçürüləcək. Bu köçürülmə 1 ildən sonra başlayacaq. 2022-ci ildə genişmiqyaslı köçürülmənin şahidi olacağıq. Əhalinin Şuşaya köçürülməsi daha tez ola bilər. Orada təhlükəsiz yaşamaq mümkündür.
- Ermənilər iddia edir ki, sentyabrda Paşinyan sülh müqaviləsinə imza atacaq və Azərbaycanın irəli sürdüyü bütün şərtlərə əməl olunacaq. Erməni mətbuatında gedən bu xəbərlər vurğulanır. Onlar “sülh müqaviləsi”ndən bərk narahatdırlar. Belə təbliğatın aparılması nəyə hesablanır?
- Paşinyan buna məhkumdur. Ermənistanı bir dövlət kimi yaşatmaq, qoruyub-saxlamaq üçün Azərbaycanla sülh sazişi imzalanmalı, ölkəmizin ərazi bütövlüyü etiraf olunmalı, tanınmalıdır. Bu, hətta Ermənistanı müdafiə edən dövlətlər səviyyəsində də müxtəlif şəkildə ifadə olunur. Ölkə Prezidentinin dediyi kimi, sülh sazişi yoxdursa, Ermənistanla Azərbaycan arasında müharibə şəraiti qorunub saxlanılır. İndi artıq bu, Azərbaycanın ərazisində deyil, Ermənistanla Azərbaycan arasında yaranan bir situasiyadır. Bu “sülh sazişi” yoxdursa, istənilən halda sülh pozula bilər və pozularsa, Ermənistanın fəlakəti və tamamilə bir dövlət kimi sıradan çıxması deməkdir.
Əgər Ermənistanda bəzi qüvvələr tərəfindən bu, təşvişlə, top-tüfənglə qarşılanırsa, təbii ki, bunun da səbəbi var. Bu insanlar revanşistlərdirlər və heç bir halda Azərbaycanın əzəli, tarixi ərazisi olan Qarabağın dağlıq hissəsinin Azərbaycanın yurisdiksiyasına keçməsini istəmirlər. Halbuki bu məsələ 44 günlük müharibədə öz həllini tapdı. Cənab Prezident də qeyd etdi ki, status yoxdur, birdəfəlik cəhənnəmə gedib və heç bir statusdan söhbət gedə bilməz. Biz 3 min şəhidi ona görə vermədik ki, təzədən ora status verək. Bu qədər şəhidi ona görə verdik ki, cənab Prezident demişkən, tarixi problem bütün hallarda aradan çıxsın. Heç bir halda münaqişə təkrarlanma şansı və imkanı qazanmasın..
- Vladimir Putin IX Moskva konfransında “Regionda vəziyyətin stabilləşməsi bizim məsuliyyətimiz daxilindədir və biz bu vəziyyətə nəzarət edirik”, - fikirləri ilə dünyaya “Qafqaz mənimdir yaxınlaşmayın” mesajını verdi. Rusiyanın regiondan əl çəkmək istəmədiyi Putinin simasında hər dəfə region dövlətlərinə bəyan olunur.
- Putin Baltikyanı ölkələri çıxmaq şərtilə keçmiş SSRİ respublikaları üzərindəki nəzarətini itirmək fikrində deyil. Bunun üçün ən müxtəlif variantlara əl atır. Özü ilə eyni genetik kodları daşıyan Ukraynanın başına nə oyunlar gətirdiyini görürük. Yəni Rusiya post-sovet məkanında mövqeyini qoruyub saxlamaq üçün hər variantdan istifadə edib. Yeri gələrsə, hərbi müdaxiləyə də əl atıb. Necə ki, vaxtilə Gürcüstana belə bir müdaxilə oldu, necə ki, Ukraynanı-Kırımı işğal etdi... Ermənistan Rusiyanın forpostudur. Onu bu günə qədər himayə edən, yaşadan da odur. Rusiya olmasa bu gün Ermənistan dövləti olan deyil. Maraqlıdır, Rusiya bu imperiya gücünü nə qədər qoruyub saxlayacaq? Düşünürəm ki, Rusiyanın onu qoruyub-saxlamaq imkanları o qədər də böyük deyil. Yeltsinin dövründə Rusiya tamam bərbad vəziyyətdə, dağılmış, insanlarının yaşamaq imkanları olmayan durumda idi. Putin gəldi və bu dövləti qaldırdı. Dünyanın güc dövlətləri artıq Rusiya ilə hesablaşmağa məcburdur. Putinin bu siyasəti nə qədər davam edə bilər?!.
- Müharibələr özündən sonra da çoxlu problem yaradır. Müharibədən sonra qazilərin sağlamlıq məsələsi, əlillik dərəcəsinin təyin edilməsi, əlilliyin verilməsi ətrafında da çoxlu sayda narazılıq və bu istiqamətdə müzakirələr başladı. Sosial şəbəkələrdə, mətbuatda qazilərin özlərinin şikayətləri ilə rastlaşırıq. Bu məsələlər necə həll olunur?
- Şəhid ailələri, şəhidlər və qazilər bizim başımızın tacıdır. Şərəf və qürur mənbəyimizdir. 44 günlük müharibədə onların hesabına qalib gəldik. Onlara hörmət etmək hər bir vətəndaşın, hər bir məmurun müqəddəs borcudur. Məmur başa düşməli, anlamalı və qəbul etməlidir ki, məhz onların tökülən qanları hesabına o, yüksək vəzifədə oturub. Ara-sıra məmurlar tərəfindən incidilən qazilərimiz olur, bir sıra hallarda şəhid ailələrimiz diqqətdən kənarda qalır. Ölkə Prezidenti, 1-ci vitse-prezident Mehriban xanım şəhid ailələrinə, qazilərə, həm də bütün müharibə iştirakçılarına yüksək səviyyədə qayğı və məhəbbət dolu münasibət göstərirlər. Bunların hamısı göz önündədir. Ona görə də əlillik dərəcəsinin verilməsində də çox diqqətli olmaq lazımdır. Bu, çox həssas sahədir. Orada addım atılarkən onun verə biləcəyi nəticələr göz önünə gətirilməlidir. Ona görə də bu gün sosial şəbəkələrdə, ən müxtəlif səviyyələrdə əlilliyin verilməsi, qazilərlə, şəhid ailələri ilə bağlı özünü göstərən bütün epizodik məqamlar aradan qalxmalıdır. İcra başçılarından tutmuş, bütün müvafiq nazirliklər, nazirliyin hər bir əməkdaşı bunu ciddi şəkildə nəzərə almalıdır.
- Bu gün iqtidar-müxalifət partiyaları arasında siyasi dialoqun davam etdirilməsi istiqamətində hansı yeni addımlar atılır? Məlumdur ki, məhz sizin təşəbbüsünüzlə iqtidar-müxalifət arasında dialoq, dəyirmi masa keçirilmişdi. Müxalifət belə iddia edir ki, iqtidar müxalifətlə daha isti dialoq mühiti formalaşdırmalıdır. Bu istiqamətdə nə kimi yeniliklər gözlənilir?
- Qeyd edim ki, 2019-cu ilin sentyabrında baş tutan həmin iqtidar-müxalifət dialoqu çox səmərəli keçdi. Belə bir dialoqun təşəbbüskarı kimi çıxış etdim və onun reallaşmasına nail oldum. Biz nə bilirdik ki, ondan bir il sonra müharibə başlayacaq, tamam fərqli bir situasiya yaranacaqdır. Hətta mən deyərdim ki, sentyabrda keçirilən iqtidar-müxalifət dəyirmi masası sonradan iqtidar-müxalifət münasibətlərində önəmli rolunu oynadı.
Müharibə və müharibədənsonrakı dövrdə biz dialoqu daha fərqli bir formatını görməkdəyik. Bu, ilk növbədə siyasi partiyaların mütləq əksəriyyətinin taleyüklü məsələlərlə bağlı birgə bəyanatla çıxış etməsi və ayrı-ayrı platformalardan birgə və fərdi şəkildə dövlətçilik mövqeyindən çıxış etməsidir. Bundan sonra da ən müxtəlif platformalarda birgə olmalıyıq. Bu, dəyirmi masalar şəklində də ola bilər, dialoq formatında da, ayrı-ayrı telekanallar vasitəsilə müxalifətin, iqtidarın mövqeyində duran partiyaların funksioner və ya rəhbərlərinin müxtəlif platformalardan çıxış edib öz fikirlərini ifadə etməsi formatında da ola bilər. Hələlik 2019-cu il sentyabrında keçirilən iqtidar-müxalifət dialoqu formatında yenidən bir yerə yığışmağa ciddi zərurət yoxdur. Əgər ehtiyac olarsa, təbii ki, hətta əvvəlkindən daha yüksək səviyyədə belə bir dialoq keçirilə bilər.
- Son vaxtlar Milli Məclisin deputatı Ramil Həsən və Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında baş verən mübahisə gündəm olub. Məlumdur ki, deputat Ramil Həsən maska taxmamağa görə cərimələndi, vəkilə xəbərdarlıq olundu. Məsələnin Milli Məclisin intizam komissiyasına çıxarılmasına zərurət varmı?
- Məsələnin bütün detalları ilə tanış deyiləm, amma kütləvi informasiya vasitələrində gedən məlumatlardan görünür ki, deputatla vəkilin arasındakı mübahisə birinin ailə problemi motivi əsasında yaranıb. Vəkil uşağın öz atası ilə görüşməsi ilə bağlı məsələ qaldırıb və valideyn statusu daşıyan Ramilin qaldırılan məsələyə etirazından sonra mübahisə yaranıb. Bu mübahisə qarşıdurma, əlbəyaxa dava ilə nəticələnməyib. Sadəcə olaraq mübahisə olub və hərə öz fikrində qalıb. İndi hansı birimizin ailəsində bu və ya digər məsələlərin ətrafında mübahisələr olmur ki? Ailədə ərlə-arvad arasında, oğulla-ata, bacı-qardaş arasında, ana ilə övladlar arasında fərqli şəkildə mübahisələr olur. Milyardlarla insanın milyardlarla fərqli fikirləri olur. Ola bilər ki, Ramil Həsənin ailəsində olan məsələ də onlardan biridir. Bunun bu dərəcədə gündəmdə saxlanmasını da başa düşə bilmirəm. Dəfələrlə məsələ qaldırırlar ki, hadisə intizam komissiyasında müzakirə olunmalıdır. Mən də bildirirəm ki, bu məsələnin komissiyada müzakirə olunmasına əsas yoxdur.
O ki qaldı deputatın maska taxmamasına, buna görə o, cərimə olunub və cərimə ilə razılaşıb, cəriməsini də ödəyəcək. Bəli, qanun hamı üçün keçərli olmalıdır.