Siyasət 18 Aprel 2023, 18:02 | Baxış sayı: 162
"Paşinyan bir yandan sülhpərvər göyərçin kimi bunu təqdim edir, amma başqa yerdə qırğı kimi davranış ortaya qoyur"

"Ermənistanın Baş naziri Nikol Paşinyan 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatını təqdim edərkən diqqəti cəlb edən belə bir ifadə işlətdi: İrəvan heç bir ölkəyə ərazi iddiasının olmadığını açıqladıqdan sonra Ermənistan və region üçün sülh gələcək. İlk baxışdan kifayət qədər maraqlı və konstruktiv mövqeli yanaşmadır. Amma düşünəndə ki, bunu səsləndirən Paşinyandır, dərhal ağıla ikinci versiya da gəlir: görəsən, Paşinyan bu mövqeyi niyə ifadə edib və hansı məqsəd, mənafe güdür? Həm də təəccüblənmirsən, çünki Paşinyan Moskvada olarkən bir bəyanat verir, Vaşinqtonda başqa, Parisdə tamamilə fərqli, İrəvanda isə hamısından fərqli… Getdiyi məkan və yerdən asılı olaraq mövqeyini dəyişir. Artıq onun verdiyi bəyanatlara inanmaq sadəlöhvlük olardı. Paşinyan bir yandan sülhpərvər göyərçin kimi bunu təqdim edir, amma başqa yerdə qırğı kimi davranış ortaya qoyur. Yəni o, manevr etməklə məşğuldur. Ölkə daxilində təzyiqlər gücləndikdə Paşinyan qırğıya çevrilir, güzəştsiz bir siyasətçi obrazını formalaşdırmaq istəyir. Lakin onunla regionda sülh və təhlükəsizlik məsələləri müzakirə olunduğu məkanda isə göyərçin obrazında çıxış etməyə üstünlük verir. Buna görə də Paşinyanın indiki halda belə bir bəyanatla çıxış etməsi situativ xarakter daşıyır. Sabah onun bu gün dediyindən fərqli mövqe sərgiləyəcəyinə qətiyyən şübhə etmək lazım deyil..."

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

"Bu, reallıqdır. Paşinyanın hakimiyyətdə olduğu müddət ərzində dəfələrlə belə dəyişkən mövqedə olmasına şahidlik etmişik. Amma təki ağlını başına yığıb, nəhayət, bu mövqedən irəli gələn əməli addımlar atsın. Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa hazırdır. Beş baza prinsipini irəli sürüb, ölkə rəhbəri cənab İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi var. Ermənistan bu mövqe ilə tanışdır. Gözləyək ki, İrəvan da adekvat addımlar atsın. Lakin hələ sözdən uzağa gedən davranış yoxdur. Hətta deyərdim, Paşinyanın xeyir-duasından sonra Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərhələsində Azərbaycan bayrağının yandırılması, Azərbaycan və Türkiyə bayraqlarının Ermənistan sosial şəbəkələrində cırılmış halda təqdim edilməsi göstərir ki, Ermənistan sülh prosesindən xeyli uzaqdır. Hər dəfə də hərbi təxribat və insidentlərə əl atmaqla əslində sülhün imzalanmasına maraqlı olmadığını göstərir. Yəni Paşinyanın rəhbərliyi altında Ermənistan hökumətinin atdığı addımlar sülhü istəmədiyini, lakin bəyanatda isə sülh müqaviləsinin imzalanmasına maraqlı olduğunu göstərir. Belə olan halda aparılan təhlillərdən aydın olur ki, bəlkə, heç Paşinyan özü nə istədiyini bilmir. Məncə, bilir və onun əsas niyyəti budur ki, hakimiyyətini qoruyub-saxlasın. Bunun üçün isə ona manevr etmək lazımdır və hazırda Paşinyan məhz bununla məşğuldur"

Xəbərlər