Cəmiyyət, Siyasət 15 Avqust 2022, 13:25 | Baxış sayı: 171
"Partlayışa sevinən insanları qınamaq da düzgün deyil".

“Elə bir millət deyilik ki, belə bədbəxt hadisələrə sevinək. Biz qisasımızı döyüş meydanında almışıq, alırıq, alacağıq da. Müharibə dövründə belə, dinc erməni sakinlərinə qarşı heç bir əməliyyat keçirmədik, hərbi zərbə vurmadıq. Baxmayaraq ki, ermənilər müharibə dövründə cəbhə xəttindən 60-100 kilometr uzaqda olan şəhərlərimizi, kəndlərimizi raket, top atəşinə tuturdular. Ancaq biz bunu etmədik. Bu, bizim millətə xas olan bir şey deyil. İrəvanda olan partlayış nəticəsində orada işləyənlərə, qadınlara, uşaqlara, kişilərə, dinc insalara ziyan dəydi. Belə şeylərə sevinmək düzgün olmaz”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elman Məmmədov İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayış barədə danışarkən deyib.

 

Deputat bildirib ki, partlayışa sevinən insanları qınamaq da düzgün deyil: “Çünki ermənilər tarixən, xüsusilə son yüz ildə dəfələrlə başımıza müsibətlər gətirib, bizə qarşı neçə dəfə soyqırım törədiblər. O qədər günahsız insanlarımızı qətlə yetiriblər. Ən birincisi biz xocalılar... Bizim günahımız nə idi ki, bir gecənin içində 613 nəfər dinc, günahsız insanımızı qətlə yetirdilər? İndi İrəvandakı partlayışa sevinən hansı xocalılını, yaxud övladı şəhid olan hansı ananı, valideyni qınaya bilərəm? Necə deyə bilərm ki, sən niyə sevinirsən? Ermənilərdən o qədər pisliklər görmüşük ki, onlara qarşı belə bədbəxt hadisələr baş verəndə sanki təskinlik tapırıq. Deyirik ki, Allah sizə bax, belə qənim olur, elədiyiniz əməllərin nəticəsidir, qarşınıza çıxır. Onların pis, murdar xislətlərinə, əməllərinə qarşı elə bil insanlarımız deyir ki, Allah göydən baxır, cəzanızı belə verəcək...”

E.Məmmədovun sözlərinə görə, İrəvandakı  partlayışın Azərbaycan-Ermənistan arasında mövcud münasibətə, Sülh prosesinə heç bir aidiyyatı yoxdur: “Bu hadisənin hazırki proseslərə heç bir təsiri ola bilməz. Belə düşünənlər çox səhv fikir irəli sürüblər. Bu, ermənilərin özlərinin törətdiyi partlayış da ola bilər. Ya ticarət mərkəzinin sahibinə qarşı, ya da bugünkü iqtidara əks olan qüvvələr tərəfindən də törədilə bilər. Başqa səbəbləri də ola bilər. Azərbaycanda da neçə yerdə il ərzində müxtəlif partlayışlar baş verib. Ticarət obyektlərində, evlərdə və s. yanğınlar olub. Bakıda qaz sızması nəticəsində gecə klubun partlayış oldu. Erməni terroru dünyada bəllidir, məşhurdur. Ermənilər bu partlayışın qəsdən törədildiyini müəyyən etsələr belə, onu ermənilər özləri törədiblər. Hər halda araşdırıldıqdan sonra səbəbi bəlli olacaq. Ölən və yaralananların sayı, dağıntılar altında qalanlar barədə rəqəmlər, məlumatlar dəqiqləşdirilir”.

Xəbərlər