"Partiyaların aktivliyinin təmin olunması məqsəddirsə, namizədlərin qeydiyyata alınması sadələşdirilməlidir"
"Bəlli bir qrup var ki, nə edirsən et, yanaşmaları budur ki, siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmaq məqsədilə qanun qəbul edilir”.
Bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev qanun layihəsindən yalnız 20 il Azərbaycanda yaşamış şəxsin Azərbaycanda siyasi partiyanın təsisçisi ola biləcəyi ilə bağlı müddəanın çıxarılmasını təklif edib və bunu Konstitusiyaya zidd sayıb. Partiya sədri qanun layihəsində keçid müddəasına əsasən, yeni tələblərin hazırda dövlət qeydiyyatına alınmış partiyalara da şamil olunmasını düzgün saymayıb: “Konstitusiyasının 149-cu maddəsinə əsasən, layihədəki 30.1-ci maddə də Konstitusiya ilə ziddiyyət təşkil edir. Çünki Konstitusiyaya görə, qanunun geriyə şamil olunma qüvvəsi yoxdur. Siyasi partiyaların seçkilərdə iki dəfə iştirak etməməsi ilə bağlı maddə də çox müzakirə olunur. Bu, əslində siyasi partiyaların hərəkətliliyi təmin edilməyə hesablanır. Çünki siyasi partiyanın namizədinin qeydə alınmaması məsələsi var. Bu halda da partiya seçkilərdə iştirak etmiş sayılmalıdır. Partiyaların aktivliyinin təmin olunması məqsəddirsə, siyasi partiyaların namizədlərinin qeydiyyata alınması ilə bağlı məsələ sadələşdirilməlidir. Bir şəxsin neçə siyasi partiyaya üzv olması məsələsini də siyasi partiyaların dəqiqləşdirmək imkanı yoxdur. Bu da daha çox mənəvi məsələdir, nəinki hüquqi. Dövlət qulluqçularının siyasi partiyalara üzv olması məsələsinə də diqqət çəkmək istəyirəm. Dövlət qulluqçuları siyasi vəzifə tutursa, bu hüquq ona tanınmalıdır. İnzibati vəzifə tutan dövlət qulluqçularına isə siyasi partiyaya üzv olmaq qadağan edilməldir”.
Mənbə: apa.az