Siyasət 16 Aprel 2024, 13:20 | Baxış sayı: 190
"Özünü "radikal müxalifət" adlandıran kəsimin məqsədi Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətə zərbə vurmaqdır"

“Milli Şuranın aprelin 21-nə təyin edilən mitinqin keçirilməsi ilə bağlı tələb etdiyi yerlərə baxdıqda məlum olur ki, bu təşkilatçıların əsas məqsədi mitinq keçirmək deyil, iğtişaş törətmək, insanları narahat etmək, daha çox insan olan ərazilərdə toplaşaraq saylarını çox göstərmək, xarici havadarları qarşısında minimum öhdəliklərini yerinə yetirməkdir. Eyni zamanda irəli sürdükləri şüarlara baxdıqda aydın olur ki, onlar əslində bu şüarları dilə gətirməklə xarici qüvvələrin Azərbaycana təsirini və təzyiqini artırmağa, xarici, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan əleyhinə mənfi rəylərin sayının artırılmasına maraqlıdırlar. Mitinq keçirmək istəyən "müxalifətçilər" özlərini radikal müxalifət kimi göstərsələr də, onlar faktiki olaraq Azərbaycanın inkişafını, dirçəlişini, yüksəlişini və güclənməsini istəməyən kəsimdir. Onlar bu cür mitinqləri və tədbirləri məhz sifarişlər əsasında həyata keçirirlər. Xüsusilə regional və qlobal məkanda baş verən, cərəyan edən proseslər fonunda mitinqi keçirmək zərurətini sübut etməyə çalışırlar. Mövcud stabilliyi pozmaq, Azərbaycanın həyata keçirdiyi xarici və daxili siyasətə xələl gətirmək, Azərbaycan hökumətini çətin vəziyyətə salmaq istəyirlər”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

 

Deputat bildirib ki, böyük ehtimalla, Milli Şuranın tələb etdiyi yerlərdə mitinq keçirilməsinə icazə verilməyəcək: “Həmin ərazilər eyni zamanda avtomobillərin sıx hərəkət etdiyi, yüklənmiş ərazilərdir. Onlar üçün təqdim ediləcək digər ərazilərdə mitinq keçirməkdən, böyük ehtimalla, boyun qaçıracaqlar. Əks halda, real sayları, bazaları məlum olacaq. Çünki onların arxasınca gedən və bu mitinqlərdə iştirak etmək istəyən insanların sayı kifayət qədər azdır. Sonra danışmaları üçün kifayət qədər bəhanələri olacaq. Bir daha höküməti ittiham edəcəklər ki, mitinqlərin baş tutmamasının səbəbkarı guya hökumətdir. Əslində isə belə deyil. Özünü "Milli Şura", "radikal müxalifət" adlandıran bu kəsimin hədəfi, məqsədi iğtişaşlar törətmək, köhnə şüarlarla insanları narahat etmək, mövcud inkişaf xəttinə maneə yaratmaq, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətə daha çox zərbə vurmaqdır. Gec-tez reallıqları dərk etmək məcburiyyətində qalacaq, insanları narahat etməmək üçün daha işlək, həlli mümkün olan şüarlar səsləndirəcəklər. Reallıqları dərk edərək real addımlar atacaqlar”. 

pravda.az

Xəbərlər