Cəmiyyət 16 Dekabr 2022, 17:46 | Baxış sayı: 212
“Özünü qadına bənzədən kişilərin sayı çoxalıb”

“Təkcə ibtidai siniflərdə deyil, bütün məktəblərdə kişi müəllimlərin olmasını zəruri sayıram. Qadın müəllimlərimizlə yanaşı, kişi müəllimlər də olsun. Kişi müəllimlər qız, oğlan şagirdlərinə böyük həyat dərsi keçir, kişi necə olmalıdır, kişinin gələcəyi necə olar, qadın necə davranmalıdır və s. Kişi müəllim bunu öz həyat nümunəsi ilə izah edir. İndi belə hallar yoxdur. Kişilər məktəblərdə hədsiz azdır. Bildiyim qədərilə, orta məktəblərdə 5 faizdən artıq kişi müəllim qalmayıb. Bu da, təbii ki, uşaqların davranışına çox ciddi təsir edir. Oğlanlar qız kimi böyüyürlər. Kişi zabitəsi nədir, kişi vəzifəsini necə yerinə yetirməlidir, bilmirlər. Bu, elə bil, sağ qulağı sol əllə tutmağa bənzəyir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, kişi və qadın müəllimlərin pedaqoji metodu arasında fərq var:

 

“Biri var, kişi müəllim özü nümunə göstərsin ki, oğlan uşaqları təlim-tərbiyəni kişi kimi necə almalıdır. Biri də var, buna qadın nəzarət etsin, desin ki, siz kişilər belə olmalısınız. Bu çox ciddi bir məsələdir. Müəyyən kvota müəyyən olunmalıdır. Hətta pensiya yaşına çatan kişi müəllimlərə müəyyən güzəştlər olunmalıdır. Onları həvəsləndirmək, dərs saatlarını optimal vermək, əmək haqlarına əlavələr etmək lazımdır. Necə ki gender proqramları var, bu proqramlara görə qadınlar üçün kvotalar müəyyən olunur. Demirəm ki, bu məsələni kökündən həll edə bilər, amma əsaslı şəkildə həllinə kömək edə bilər. Kişi müəllimlərin də məktəblərdə azalması hədsiz problemlərə yol açır. Milli Məclisdə çıxışımda da dedim, bütün məqsədlərimiz, qanunvericiliyin yaradılması, icra orqanlarının işi hamısı nədən ötrüdür? Gələcəyin fəal, vicdanlı, namuslu, vətənpərvər vətən övladını yetişdirməkdən ötrü. Əlbəttə, burada təhsil ən başlıca rol oynayır”.

 

T.Kərimli xatırladıb ki, Sovet təhsil sistemi Rusiya təhsil sisteminə əsaslanırdı:

 

“İndi hətta körpələr evinə, uşaq bağçasına “təhsil müəssisəsi” deyirlər. Mən bilmirəm, orada hansı təhsil verilir? Təlim-tərbiyə yaddan çıxır. Əslində, “Təhsil haqqında” qanunda ideologiyadan bəhs etmişik. Vətənpərvər insanların yetişdirilməsi və s. məsələlər var. Əvvəllər Makarenkonun, Uşinskinin, Muradxanovun pedaqoji nəzəriyyələrini oxuyurduq və ona uyğun davranırdıq. Amma indi bu nəzəriyyələr, pedaqogika elminin əsasları yoxdur. İndi tamam boşluqdur. İdeyasızlaşadırmaq doğru deyil. Oğlanlarımızın əsl kişi kimi böyüməsinə yardımçı olmaq üçün kişi müəllimlərin optimal sayını göstərmək lazımdır. Özünü qadına bənzədən kişilərin sayı çoxalıb. Bu sahədə Qərbdən gələn mənfi təsirlər var. Digərləri stimullaşdırılır...”

Xəbərlər