KOMİTƏ İCLASLARI 25 Yanvar 2023, 12:35 | Baxış sayı: 117
“Özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəsə də, vergiyə görə tərəddüddə qalırlar”

“Bir çox özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəsə də vergi məsələsinə görə tərəddüd içərisində qalırlar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, bu məsələ ilə bağlı parlamentdə dinləmə keçirilsə yaxşı olar:

“İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclas keçirək və lazımi qurumları dəvət edərək sponsorların göstərdiyi maddi dəstəyin vergidən azad olunması məsələsini müzakirə edək. Heç olmasa sponsorlar gənclərin qurduğu təşkilata ödədiyi məbləğin ən azı DSMF-sini ödəməsinlər. Mövcud problem idman sahəsində də qeydə alınır. Bununla bağlı çoxsaylı müraciətlər də alırıq. Odur ki, vergilərdə hər hansı güzəştin olması arzuolunandır”.

Komitə sədri Adil Əliyev də öz növbəsində bu kimi problemlərin olduğunu təsdiq edib:

“İdmançılara və gənclər üçün ödənilən məbləğə sadələşdirilmiş vergi tətbiq olunsun. Etiraf edək ki, ölkədə idmançılara və gənclərə dəstək mədəniyyəti o qədər inkişaf etməyib. Hər hansı şirkət belə bir dəstək vermək istəyirsə, təbii ki, müəyyən hallarda vergidən azad olunmağı istəyir. Qanunvericiliklə bu məsələ tənzimlənsə yaxşı olar”.

Xəbərlər