Siyasət 15 Avqust 2023, 16:46 | Baxış sayı: 103
"Öz bölgələrinin müstəqilliyinə qarşı çıxan İspaniyanın Azərbaycanda separatizmə dəstəyi prinsipsizlikdir"

İspaniyanın Rusiyadakı səfirliyinin Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlaması, rəsmi sosial media hesabında Qarabağ separatçılarının qondarma “bayrağı”nı paylaşması beynəlxalq hüququn kobud pozuntusu və Madridin riyakar xarici siyasət kursunun göstəricisidir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, İspaniya dünyada separatizmdən əziyyət çəkən beynəlxalq subyekt kimi tanınır, yaxud özünü bu cür tanıdır. Xüsusən 2017-ci ildə referendumda 91% səslə Kataloniyanın müstəqilliyini elan etməsindən sonra İspaniya Konstitusiya Məhkəməsi və Senatının, o cümlədən hökumətin atdığı radikal addımlarla 20-yə yaxın kataloniyalı siyasətçinin ağır cəzalara məruz qalması fonunda Madrid separatizmlə mübarizədə barışmaz mövqe nümayiş etdirdi: “O zaman Azərbaycan hökumətinin Pireney yarımadasında baş verənlərə münasibəti birmənalı olmuş, İspaniyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə edilmişdi. Bütün bunların fonunda rəsmi Madridin Azərbaycanda separatizmə dəstək verərək ərazi bütövlüyümüz və suverenliyimizə hörmətsizlik ifadə etməsi qəbuledilməz ikili standartdır. Prezident İlham Əliyevin iyulun 22-də “Euronews”da da ifadə etdiyi kimi, “Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, amma biz separatizmə dözməliyik?" Kataloniya, Qallisiya, Valensiya və Navarra bölgələrində geniş muxtariyyət və müstəqillik tələb edən qüvvələrə "separatizmlə mübarizə" çərçivəsində divan tutan İspaniyanın Azərbaycanda separatizmə dəstək verməsi Madridin separatizmlə mübarizədə qeyri-səmimiliyi və prinsipsizliyi, beynəlxalq hüquqa isə məsuliyyətsiz yanaşmasıdır. BMT Nizamnaməsi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi və Heslinki Yekun Aktında müəyyən olunmuş prinsiplərə görə dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas şərtdir. Belə bir situasiyada heç bir səbəb İspaniyanın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsinə əsas verə bilməz”.

Deputat qeyd edib ki, tarixən Cənubi Qafqazla heç bir mənəvi-siyasi bağı olmayan İspaniya humanitar niyyət ifadə edirsə, bu məqsədini beynəlxalq hüquq çərçivəsində həyata keçirməli, BMT Nizamnaməsində ifadə olunan məqsədləri və ümumtanınmış prinsipləri regionda qarşılıqlı etimad mühitinin yaradılması baxımdan istisnasız şərt kimi təşviq etməlidir: “Əgər İspaniyanın Rusiyadakı səfirliyi Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi olan Qarabağın erməni sakinlərinə yardım göstərmək niyyətində səmimi olsaydı, bu istiqamətdə Azərbaycan hökuməti ilə razılaşdırılmış formada davranmalı idi. Amma təbii ki, ortada nə yardıma ehtiyac duyulan humanitar situasiya yoxdur, nə də Madridin özünün imici humanitar məqsədlər üçün uyğun deyil. Məsələ burasındadır ki, qanlı müstəmləkə keçmişi olan, Amerika qitəsində milyonlarla yerlini qətl edib bütövlükdə öz ərazisindən 10 dəfələrlə böyük ərazini kulturasid və urbisidə məruz qoymuş İspaniyanın səmimiliyi şübhə doğurur. Elə separatçı terror qruplaşmasının bayrağını dalğalandırmaqla da, İspaniya əslində humanitar niyyət güdmədiyini, Azərbaycan və Türkiyəyə qarşı başlanmış səlib yürüşünə qoşulduğunu göstərmiş oldu. Lakin Madrid tanınmamış "subyektlərin" bayrağını dalğalandırmaq kimi zərurət hiss edirsə, yaxşı olar ki, rəsmi sosial media hesablarında özü ilə birbaşa bağlılığı olan Kataloniya, Valensiya, Navarra və Qallisiyanın bayraqlarını dalğalandırsın və bizim bölgədən uzaq dursun. Madrid unutmamalıdır ki, dövr XV əsr, məkan isə Cənubi Amerika deyil və bu gün belə prinsipsiz, ucuz gedişlərlə bölgədə nəyi isə dəyişə, Azərbaycanın diqtə etdiyi qüvvələr balansına təsir edə bilməz”.

APA

Xəbərlər