Cəmiyyət 2 Dekabr 2021, 17:35 | Baxış sayı: 230
"Ötən gün baş vermiş helikopter qəzasında şəhid olan hərbçilərimiz təkcə onların ailəsinə deyil, bütün xalqımıza məxsusdur".

“Noyabrın 30-da baş verən helikopter qəzası təlim zamanı baş verib, yəni, belə qəzadan heç kim sığortalanmayıb. Hadisə haqqında rəsmi açıqlama verilib. Hesab edirəm ki, verilən rəsmi açıqlamalara şərh vermək düzgün olmaz. Əsas odur ki, xüsusi komissiya yaradılıb, istintaq gedir. Gələcəkdə nə məlumat olsa hamısı açıqlanacaq".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov noyabrın 30-da baş vermiş Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması barədə danışarkən deyib.

Deputat bildirib ki, belə həssas məsələlərdə yalnız rəsmi məlumatlara istinad etmək lazımdır: "Hadisədə 14 yüksək rütbəli zabitlərimiz şəhid olub. Bu, əlbəttə ki, Azərbaycan xalqı üçün ağır itkidir. Çalışmalıyıq ki, bundan sonra belə itkilərimiz olmasın. Ancaq hərbi təlimdir, heç kim bundan sığortalanmayıb. Həyatda hər şey ola bilər. Qəzada şəhid olan hərbçilərimizə Allahdan rəhmət, digər iki yaralamıza isə şəfa diləyirik".

Baş vermiş helikopter qəzasina deputat Tahir Rzayev də münasibət bildirib.

"Biz xalq olaraq həm faciəmizi, həm də qələbəmizi düzgün qiymətləndirməyi bilməliyik. Ötən gün baş vermiş helikopter qəzasında şəhid olan hərbçilərimiz təkcə onların ailəsinə deyil, bütün xalqımıza məxsusdur. Belə bir vaxtda əyləncələr təşkil etmək, müəyyən televiziya və radio kanallarında yumoristik verilişlər yayımlamaq, fikrimcə, doğru deyil. Bu, xalqın faciəsidir, çünki həmin şəhidlər bizim oğullarımız, bizim övladlarımızdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev noyabrın 30-da baş vermiş helikopter qəzasında xalqımızın 14 şəhid verməsinə baxmayaraq, bir sıra televiziya və radio kanallarının əyləncəli veriliş proqramlarına məhdudiyyət qoymaması ilə bağlı danışarkən deyib.

Parlament üzvü bildirib ki, şəhid olmuş həmin 14 hərbçinin hər biri yüksək rütbəli zabitlərdir, yəni illərini hərbi xidmətə sərf etmiş vətəndaşlardır: "Hər birimiz bu hadisənin kədərini öz kədərimiz bilməliyik. Şəhidləri hər zaman kədərlə yad etmək lazımdır. Onların ruhuna dualar oxumalı, ailələrinə baş sağlığı verməliyik. Hətta belə bir vaxtda, həssas dönəmdə şadyanalıqlara, toy məclislərinə məhdudiyyət qoyulmalıdır. Həmçinin burada əsas vacib məqam da televiziya və radio kanallarının fəaliyyəti ilə bağlıdır. Belə mətbuat orqanları həssas dövrlərdə daha ehtiyatlı olmalıdırlar. Mütləq şəkildə əyləncəli və yumoristik verilişlərin verilməsi müvəqqəti dayandırılmalı, heç olmazsa, müəyyən məhdudiyyətlər tətbiq edilməlidir".

Xəbərlər