"Orta məktəblərdə psixoloji yardımla bağlı problemlər önə çəkilməlidir".
““Son zəng”də məzunların köynəkləri, önlükləri yazma adətləri 40 il əvvəl də var idi, qəbahət görmürəm. Bu, bir xatirədir. Vaxt keçəcək, xoş hisslərlə xatırlayacaqlar. Ötən gün keçirilən “son zəng”də bəzi məzunların köynəklərinin arxasına “avara” yazıb kriminal aləmin simvollarını həkk etmələri barədə görüntülər rastıma çıxmayıb. Adətən gözümlə gördüyüm, ya da şəxsən inandığım saytda oxuduğum məlumatlara güvənirəm. Bəlkə hansısa məzun dostunun köynəyinə zarafatyana “avara” sözü yazıb. Uşaqdırlar, yeniyetmədirlər. Ola bilər, bir-iki nəfər bunu edib. Bu, kütləvi hal almayıb ki, bunun faciəvi hala gətirib çıxaracağını fikirləşək, müzakirə obyektinə çevirək”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, orta məktəblərdə psixoloji yardımla bağlı problemlər önə çəkilməlidir: “Məktəblilər arasında bu gün intihar hallarının sayı artıb, səbəbləri isə müxtəlifdir. Ailə münaqişələri, uşağın psixoloji durumunun pis olması, hər hansı dərsdən aşağı qiymət alması, balının az olması, sevgi məsələsi... Orta məktəblərdə müəllim və şagird arasında olan xoşagəlməz münasibətlər məni qorxudur. Əsl qorxulu olan bunlardır. Artıq SOS siqnalı çalınmalı, kökü araşdırılmalıdır. Bu cür müəllim-şagird münasibətləri ilə, intiharlarla hara gedirik? Məktəblilərə psixoloji yardım göstərilməlidir. Psixoloq ştatı var, ancaq gəlib uşaqlara anket yazdırıb gedir. Məktəb psixoloqlarının fəaliyyəti formal xarakter daşımamalıdır. Onların uşaqlara fərdi yanaşmaları yoxdur. Heç analiz də olunmur ki, kim nədir... Bütün bunlar məni həm bir valideyn kimi, həm də vətəndaş kimi narahat edir”.
K.Əliyeva deyib ki, saytlar bu cür məsələləri işıqlandırmaqla informasiyanın geniş yayılmasına vasitəçi olurlar: “Sosial şəbəkələrə nəzarət etmək mümkün deyil. Kimlərsə foto çəkir, video yerləşdirir… Bu, çox qorxuludur. Dəfələrlə sayt rəhbərləri ilə görüşlərimdə də bunu səsləndirmişəm, qarşısı alınmalıdır. Bu informasiyalara uşaqlar, yaşlılar, psixoloji durumu normal olmayan insanlar baxırlar. İstər-istəməz insana təsir edir. Valideynin övladını, övladın valideyni öldürməsi, yeniyetmələrin məktəbdə bir-birini bıçaqlaması ilə bağlı xəbərləri istənilən saytı açanda görürük. Bu cür xəbərləri yaymaqla bir növ təbliğat aparmış oluruq. Bütün bunların saytlar tərəfindən işıqlandırılması düzgün deyil. Hətta bir hadisənin olması mənim üçün min hadisəyə bərabərdir. Çünki bir uşağın ölümü böyük bir ailənin, cəmiyyətin faciəsidir. Söhbət saydan getmir. İndidən bunların qarşısını almalı, çıxış yolu taplmalıyıq ki, gələcəkdə kütləviləşməsin”.