Plenar iclaslar, Qanun Layihələri 27 May 2022, 18:07 | Baxış sayı: 97
"Orqan transplantasiyası ilə bağlı konkret xəstəxana adlarının müəyyənləşdirilməsi gələcəkdə tibbi işdə ciddi problemlər yaradacaq".

"Hər hansı regionumuzda avtoqəza nəticəsində həmin bölgədə xəstəxanaya yerləşdirilən şəxsin orqanları həmin xəstəxanada alına bilər. Amma bu, bizim qanunvericiliyimizdə yoxdur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, orqan transplantasiyası ilə bağlı konkret xəstəxana adlarının müəyyənləşdirilməsi gələcəkdə tibbi işdə ciddi problemlər yaradacaq: “Beyin ölümü gerçəkləşmiş şəxsin hansısa xəstəxanaya gətirilib orqanlarının götürülməsi mümkün deyil, orqan həmin xəstəxanada götürülməlidir. Bu gün buradakı 125 nəfərin, eləcə də vətəndaşlarımızın, yaxınlarımızın beyin ölümü gerçəkləşdikdən sonra orqanlarının bağışlanması ilə bağlı problemi var. Beyin ölümü gerçəkləşdikdən sonra biz cəmiyyət olaraq yaxınlarımızın orqanını başqa bir həyatı xilas etmək üçün bağışlaya bilmiriksə, oturub ciddi şəkildə düşünməliyik. Bu məsələ birinci həll edilməlidir. Maarifləndirmə işi gücləndirilməlidir. Bu problem həllini tapandan sonra növbəlilik və digər problemlər də həll olunacaq”.

Deputat qeyd edib ki, bu gün Səhiyyə Nazirliyində orqan transplantasiyası ilə bağlı Koordinasiya Mərkəzinin yaradılması son mərhələdədir: “Bu Mərkəzdə növbəlilik məsələsi və digər məsələlər öz həllini tapacaq”.

Xəbərlər