Siyasət 6 Sentyabr 2023, 17:22 | Baxış sayı: 190
"Ordumuz separatçıları tərksilah edəcək!"

Arayik Arutyunyan ötən həftə qondarma rejimin rəhbərliyindən "istefa verdiyini" bildirib. O, özü "istefa" verməzdən əvvəl “dövlət naziri” Qurgen Nersisyanı işdən çıxarıb, onun əvəzinə Samvel Şahramanyanı təyin edib.

 

Ancaq Arayikin istefa verməsi heç nəyi dəyişdirmir. Azərbaycanın əsas tələbi budur ki, Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir. Rəsmi Bakı bildirir ki, Azərbaycanın ərazisində hər hansı bir qanunsuz ərazinin mövcud olması mümkünsüzdür.

 

Bundan sonra proseslərin necə cərəyan edəcəyi, Azərbaycanın demilitarizasiya prosesinə başlayıb-başlamayacağı maraq doğurur.

 

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Elman Məmmədov söyləyib ki, tək-tək şəxslərin mövqeyi heç nəyi həll etmir:

 

“Ümumilikdə problemin kökündə nə dayanır?  Biz  məsələyə bu cür yanaşmalı və məsələni köklü, fundamental həll etmək istiqamətində hərəkət etməliyik. Azərbaycan ərazisində 30 ildən artıq Azərbaycan ərazisində kök salmış separatizmin birdəfəlik  məhv edilməsi və Azərbaycan ərazisindən təmizlənməsidir. İşğalın birdəfəlik Azərbaycan ərazisindən silinməsidir. İşğal dedim. Çünki bu gün faktiki olaraq, Ermənistan dövlətinə məxsus bir neçə min silahlı qüvvələr hələ də Qarabağ bölgəsində mövcuddur və fəaliyyət göstərir. Bunlar Azərbaycan ərazisindən çıxardılmalı və təmizlənməlidir”.

Deputat qeyd edib ki, separatçılar ya könüllü, ya da zorla ərazini tərk etməlidir:

 

“Separatçılar öz xoşluqları ilə ərazimizi tərk etməsələr, Azərbaycan hərbi gücündən istifadə edib bunların son  nəfərinə qədər ərazimizdən təmizləməlidir. İstər Arayik Arutyunyan, istərsə də ondan əvvəlki cinayətkar “rəhbər”lərin kimliyinin  məsələyə aidiyyəti yoxdur. Söhbət bütövlükdə separatçı, cinayətkar, terrorçu qruplaşmanın kökünün kəsilməsindən gedir. Azərbaycan istəyir ki, onlar bunu şüurlu şəkildə başa düşərək, sülh yolu ilə özləri etsinlər. O "qurum" buraxılsın. O "qurum"a aid “ordu”, “polis” və “təhlükəsizlik əməkdaşları”  tərksilah edilməlidir. Orada Azərbaycan dövləti və xalqına qarşı cinayətlər törədənlər Azərbaycan qanunları ilə cəzalandırılmalıdır.  Ancaq görünür ki, ermənilər bu yolu yox, qarşıdurma yolunu seçirlər.  Silahlanıb, yenidən müharibəyə hazırlaşırlar. Azərbaycana qarşı düşmən mövqedən əl çəkmirlər. Demək bizim ərazimizdə yaşaya-yaşaya bizi qəbul edib, bəyənmirlər. Qanunlarımızı, göndərdiyimiz humanitar yardımı qəbul etmirlər. Belə olan halda biz belə mövqe tuturuq ki, bizi bəyənib, qanunlarımıza tabe olmursunuzsa, ərazimizi tərk etməlisin. Getməsələr, biz onları necə yola salmağı bilirik”.

 

E.Məmmədov Ermənistanın atdığı addımların danışıqlar yolu ilə məsələnin həll edilməsinin mümkün olmadığını göstərdiyini söyləyib:

 

“Ermənistan-Azərbaycan şərti sərhədində ermənilərin təxribat həyata keçirməsi, iriçaplı silahlardan, artileriyadan, PUA-lardan istifadə etməsi onların danışıq dilindən anlamadığını göstərir. Onları danışıqlar yolu ilə başa salmaq mümkün deyil. Ona görə də, hesab edirəm ki, biz hərbi gücümüzdən  istifadə edib, həmin Dəmir Yumruğu işə salıb, bunların ağlını başına gətirməliyik”

 

Milli Məclisin digər bir deputatı Elşad Mirbəşiroğlu isə bildirib ki, Arayik Arutyunyanın istefası separatçıların məğlubiyyətinin etirafıdır:

 

“Arayik Arutunyan istefasının səbəbi kimi Azərbaycanın onun orada olmasından narazı olmasını və Azərbaycanla-Ermənistan arasında sülh prosesinə müsbət təsir etməyi göstərib. Bu hər şeydən öncə Xankəndidə Azərbaycanın iradəsinin keçərliliyinin artdığını göstərir. Azərbaycanın iradəsini qəbul etmək məcburiyyətindədirlər. Bu məsələnin ən vacib məqamlarındandır. Digər yandan bu  separatçıların məğlubiyyətinin başlanğıcı və etirafıdır. Belə bir analogiya da aparmaq olar ki, 2020-ci ildə Paşinyan ordusu  ilə birlikdə məğlubiyyətə uğradıldıqda Ermənistanda ona qarşı ciddi etirazlar başladı və o, növbədənkənar seçkilər təyin etməklə hakimiyyətini qoruya bildi. Paşinyanın ağır məğlubiyyəti etirazla qarşılandı. Ermənistan özünün işğalçılıq siyasətinə görə daha da acınacaqlı vəziyyətə düşəcək. Bu qaçılmazdır. Eyni proseslər hesab edirəm ki, Xankəndidə də baş verməkdədir. Arayikin separatçı rejimi ardıcıl olaraq məğlubiyyətlərə uğramaqdadır. Aprelin 23-də Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurmaqla həm Ermənistanın  separatçı rejim üzərindən, həm də separatçıların özlərinin  manevr və ayaqda qalmaq imkanlarını  əhəmiyyətli dərəcədə məhdudlaşdırdıq. Belə olan halda  Xankəndidəki ermənilərin özləri də Arutyunyandan hesab sormağa başladılar.  Arutyunyan da istefa vermək məcburiyyətində qaldı. Laçın yolu ətrafında Ermənistan və onun havdarları siyasi spekulyasiyalar qurmağa  və Arayiki “hakimiyyətdə” saxlamağa çalışdılar.  Amma məğlubiyyətə düçar oldular”.

 

Deputat vurğulayıb ki, Ermənistan və onun havadarlarının Arayiki “hakimiyyətdə” saxlamaq cəhdləri uğursuzluğa düçar olub:

 

“Arayiki Xankəndidə saxta seçkilərlə Paşinyan “hakimiyyətə" gətirmişdi. Hətta həmin dövrdə işarə etmişdi ki, separatçı rejimin rəhbərliyində də Ermənistanda 2018-ci ildə olduğu kimi çevriliş olub. Yəni Paşinyan çevriliş edib. Bu baxımdan Paşinyan Arayik Arutyunyanı "hakimiyyətdə" saxlamağa cəhd göstərdi. Bunun üçün müxtəlif alətlərə əl atdı. BMT TŞ-də Laçın yolu ilə əlaqədar müzakirələrin özü də Arayik üçün bir çıxış yolu ola bilərdi. Lakin bütün bu cəhdlər boşa çıxdı. Xankəndidə guya “humanitar böhran”nın mövcudluğu ilə bağlı Ermənistanın və separatçıların bütün manipulyasiyalarını da biz fiaskoya uğratmağı bacardıq. Bu gün də bu proses davam etməkdədir. Ağdam-Xankəndi yolunu, digər marşrutları da biz təklif etdik. Lakin nədənsə, bu maşrutlar haqqında danışmadılar. Bütün bunlar aydın şəkildə göstərdi ki, Xankəndidə “humanitar böhran”la bağlı sərgilərin hamısı yalandır. Manipulyasiyadır. Əgər “humanitar böhran” varsa, Azərbaycanın təklif etdiyi marşrutlar barədə niyə danışılmır. Əgər “humanitar böhran” doğru olsaydı, həm Ermənistan, həm də separatçılar istənilən alternativləri qəbul edərdilər. Sadəcə olaraq bütün cəhdlər  Azərbaycanda separatçı rejimin fəaliyyət göstərməsinə yönəlib. Bu da Qarabağda vəziyyətin qeyri-müəyyən qalmasına, Cənubi Qafqaz regionuna müdaxilə imkanlarının saxlanılmasın hesablanıb. Azərbaycan çox  böyük strateji yanaşma və müdrikliklə bütün bunların qarşısını almaqdadır. Arayikin istefası Azərbaycanın iradəsinin göstəricisidir. Bu bir daha Azərbaycanın həqiqətən də prosesləri öz nəzarəti altında  saxladığını göstərir.Bununla biz məsələni  bitmiş hesab edə bilmərik. Arutyunyan  yenə də öz adamını "səlahiyyət" sahibi etdi. Bundan sonra da separatçılar ayaqda qalmaq cəhdlərini davam etdirəcək. Lakin proseslərin inkişafı da onu göstərir ki, Azərbaycan öz haqlı, ədalətli məqsədlərinə çatacaq”.

modern.az

Xəbərlər