Siyasət 21 İyun 2023, 14:44 | Baxış sayı: 101
"Onlar demokratiyanı milli dövlətlərə təzyiq mexanizmi kimi görürlər"

"Demokratiyanın və insan hüquqlarının inkişafı, hüquqi dövlətin qurulması Azərbaycan Konstitusiyasında əksini tapan prinsipial məsələlərdir və dövlət quruculuğunun fəlsəfəsini təşkil edir. Hər şeydən öncə Azərbaycan dövləti cəmiyyətin inkişafında maraqlıdır".

Bunu millət vəkili Hikmət Babaoğlu deyib.

O, modern cəmiyyətin söz və mətbuat azadlığına bağlı informasiya cəmiyyəti olduğunu vurğulayıb: "Azərbaycanda söz və mətbuat azadlığının qorunması istiqamətində müxtəlif qeyri-hökumət təşkilatlarının təşviq edilməsi üçün dəstək verilir. Avropa İttifaqı (Aİ) demokratiya və insan hüquqları haqqında fikirlər səsləndirərkən başqa məsələləri nəzərdə tutur. Biz adətən bəzi layihələrin ölkə daxilində müxtəlif institutları və təşkilatlanmaları bir-birinə qarşı qoymaqla onları dövlətin əleyhinə çevirdiyini görürük. Aİ demokratiyanı və söz azadlığını universal dəyər kimi yox, milli dövlətlərə təzyiq mexanizmi kimi görür. Dəfələrlə şahidi olmuşuq ki, Avropada demokratiya və insan haqları istiqamətində ayrılan qrantlar Azərbaycanda radikal, antiqonist qrupların formalaşmasına xidmət edib. Bu da nəticə etibarilə Azərbaycan dövlətinə, milli maraqlarımıza, xalqımızın hüquqlarına qarşı təzyiq kimi istifadə edilib. Buna görə də düşünürəm ki, Aİ-nin yeni siyasəti təsadüfən müəyyənləşdirilməyib. Onların məqsədi müstəqil dövlətə qarşı xüsusi instutisional təşkilatlanmalar formalaşdırılmaqla təzyiq mexanizmi qurmaqdır. Avropalılar üçün Avropada demokratiya və insan hüquqları dəyərdir, amma Avropadan kənarda bu dəyərlər öz məqsədlərini yerinə yetirmək üçün silahdır. Bu səbəbdən düşünürəm ki, diqqətli olmaq lazımdır".

Xəbərlər