“Onları da heç bir “etnik təmizləmə təhlükəsi” gözləmir”
“ABŞ-ın Dövlət katibi Antoni Blinken X-də ölkəsinin “həm Laçın, həm də Ağdam yolları ilə Qarabağa mühüm humanitar yüklərin daşınmasını” alqışladığını bildirib. Bir qayda olaraq bu qəbildən olan açıqlama o deməkdir ki, burada alqışlayanın da mühüm xidməti var. Amma təəssüf ki, indiki halda heç də belə deyil. Bəli, hər iki yolun eyni vaxtda açılması haqda razılaşma məhz ABŞ-la qapalı danışıqlarda əldə edilmişdi. Amma hörmətli Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini yerinə yetirən Yuri Kimin Senatdakı çıxışı həmən razılaşmanın üstündən xətt çəkmək idi”.
Bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Millət vəkili qeyd edib ki, ABŞ kimi böyük bir dövlətin Ermənistan sayağı davranması əlbəttə, bizdə təkcə təəssüf yox, həm də həmən dövlətə qarşı güvənsizlik doğurur, daha dəqiq onu daha da möhkəmlədir: “Yəni Azərbaydanda Vaşinqtonun regionda heç də ədalətli sülhdə maraqlı olmadığı, ötən əsrin əvvəlində burada oynadığı rolu yenə oynamağa çalışdığını düşünüənlər heç də az deyildi, indi isə onların sırası getdikcə sıxlaşır. Cənab Ərdoğanın regionda sülhlə bağlı qərbdəkilərsiz, Azərbaycan -Türkiyə - Rusiya - Ermənistan dördlü formatında danışıqlara başlamaq təklifi onu göstərir ki, Ankarada da eyni fikirdədirlər. Orada da ABŞ-ın regiondakı proseslərə yanaşmasının Fransanınkından çox da fərqlənmədiyini görür və bilirlər”.
S.Aliyevin sözlərinə görə, məhz ona görə də ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə baş məsləhətçisi Luis Bononun Bakıya səfəri hər baxımdan sönük oldu: “Açığı, mən Luis Bono deyil də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini yerinə yetirən Yuri Kimin Azərbaycana təşrif gətirdiyini eşitsə idim, “heç xoş gəlməyib” deyəcəkdim. Səhv etmirəmsə, əslində elə sözü gedən xanım özü bura gəlməli idi. Sadəcə, sentyabrın 14 - də Senatdakı dinləmədə “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədən, orada “etnik təmizləmə təhlükəsi”ndən dəm vuran, buna dözməyəcəklərini bildirərək bizi hədələyən, “Azərbaycanla Ermənistan arasında savaş bitməyib” deyən biriylə görünür, rəsmilərimizdən kimsə görüşmək istəməyib. Yəqin ona görə də təcrübəli diplomatlarından birini ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə baş məsləhətçisi Luis Bononu Azərbaycana göndəriblər ki, üzrxahlıq etsin və Yuri Kimin dediklərini malalasın”.
Deputat daha sonra bunları bildirib: “Luis Bononun səfərindən gəldiyim nəticə budur ki, Azərbaycanın davranışları, Türkiyənin atdığı addımlar regionda ABŞ-la Fransanın çoxdan arzuladıqları savaşın alınmayacağını ortaya çıxardığından 2024-cü il seçkisinə hazırlaşanlar bütün gücləri ilə məhz öz moderatorluqları altında keçirilən sülh danışıqlarında uğur əldə edildiyini göstərməyə çalışacaqlar. Amma sülh danışıqlarında əldə ediləcək uğur “Armenian National Committee of America”nın marağına yox, məhz Azərbaycanın irəli sürdüyü 5 prinsipə, yəni beynəlxalq normalara uyğun olmalıdır. Bayden administrasiyası buna hazırdırmı, sentyabrın 14-də baş verənlər bir daha təsdiqlədi ki, yox. Luis Bono Bakını tərk edər - etməz Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, xüsusi tapşırıqlar üzrə təmsilçisi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirdikləri brifinq bilirsinizmi nə demək idi? Firkimcə, o demək idi ki, vaşinqtondakıların nə düşünmələrindən asılı olmayaraq “Dağlıq Qarabağ”la onun “xalqı” yoxdur. Qarabağda yaşayan hay əsillilər və dillilər var ki, onları da heç bir “etnik təmizləmə təhlükəsi” gözləmir. Biz nə etnik təmizləmə üzrə “çempion” tituluna “haqq edən” Ermənistanıq , nə də tariximizdə hinduların kütləvi məhvi kimi qara ləkə buraxmışıq. Yuri xanımın təbirincə desək, “Azərbaycanla Ermənistan arasında savaşın bitməməsinə” gəldikdə bizdə bu, ən yüksək səviyyədə deyilib ki, “Qarabağ konflikti artıq sona yetib”. Əgər Ermənistan və onun havadarları bu fikirdə deyillərsə, yenə də cənab Prezidentin bildirdiyi kimi biz bütün ssenarilərə hazırıq. Amma 44 günlük savaş da, ondan sonra keçirilən cavab əməliyyatları da göstərdi ki, nəticə bizim ssenarimizdə necə nəzərdə tutulubsa, elə də olacaq”.
musavat.com