"Ölkənin iqtisadi gücü artdıqca “uşaq pulu”nun verilməsi, pensiya və sosial ödənişlərin artırılması məsələsinə yenidən baxıla bilər".
“Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə hər zaman vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımlar atır. Xüsusilə də 2018-ci ildən bu günə kimi aparılan bütün islahatların əsas hissəsini vətəndaşların sosial rifah halının yaxşılaşdırılması təşkil edib. Bu dövr ərzində Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlarla vətəndaşların əməkhaqları, pensiyaları, sosial ödənişləri artırılıb. Doğrudur ki, dünyada baş verən qlobal hadisələr nəticəsində neft qiymətlərində ciddi artım müşahidə edilir. Ona görə də pensiyaların yenidən artırılması, “uşaq pulu”nun bərpa edilməsi kimi məsələlər gündəmə gətirilib”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, neft qiymətlərindəki artım cəmi bir neçə gündür ki, müşahidə edilir: "Yəni, heç kim gələcək günlərdə neft qiymətlərinin hansı məcraya istiqamətlənəcəyini dəqiq proqnozlaşdıra bilmir. Ona görə də bəzi məsələləri gündəmə gətirmək, məncə, doğru deyil. Azərbaycan dövləti iqtisadi gücümüz artdıqca vətəndaşların sosial müdafiəsinin qorunması istiqamətində ciddi addımlar atır. Yəni, neft qiymətlərində uzunmüddətli artım müşahidə edilərsə, ölkənin iqtisadi potensialı artarsa, əlbəttə ki, müzakirə edilən məsələlər həllinə tapa bilər. Bu gün Azərbaycan dövlətinin qarşısından çox mühüm məsələlər dayanır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, ciddi layihələrin həyata keçirilməsi və s. dövlətin prioritetlərindəndir. Bir daha qeyd edirəm, ölkənin iqtisadi gücü artdıqca “uşaq pulu”nun verilməsi, pensiya və sosial ödənişlərin artırılması məsələsinə yenidən baxıla bilər”.