İqtisadiyyat 17 Yanvar 2023, 13:21 | Baxış sayı: 166
"Ölkəmizin iqtisadi inkişafın əsas göstəricilərindən biri enerji sektorunda əldə edilən uğurlardır"

“Azərbaycanın əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri olan ölkələrdən biri də  Birləşmiş Ərəb Əmirlikləridir. Ölkələrimiz arasında mövcud olan münasibətlər strateji əhəmiyyətə malikdir. Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev iki ölkə arasında olan əlaqələri yüksək qiymətləndirərək Azərbaycanın həyata keçirdiyi enerji siyasəti haqqında geniş məlumat verdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, ölkəmizin iqtisadi inkişafın əsas göstəricilərindən biri enerji sektorunda əldə edilən uğurlardır: “Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət və uğurlu enerji strategiyası nəticəsində ölkəmizdə enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Artıq ölkəmiz bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün çox mühüm konsepsiyalar həyata keçirməkdədir. Bu sahədə Azərbaycanda nəhəng potensial mövcuddur. Belə ki, ölkəmiz quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanlarına sahibdir”.

 

C.Osmanov qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malik olduğunu və bunun ölkəmizin ixracını şaxələndirməyə şərait yaradacağını qeyd edib: “Azərbaycan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini reallaşdırmış ölkədir. Ölkəmiz bu meqa layihəni cəmi iki il əvvəl öz tərəfdaşları ilə başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş, uzunluğu 3500 kilometr olan boru kəmərləri sistemini qurub. Məhz belə bir layihənin reallaşması nəticəsində ölkəmizin təbii qaz ixracı artmaqdadır. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Prezident cənab İlham Əliyev bu haqda danışarkən diqqətə çatdırdı ki, əgər Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım gələcəkdə də davam edəcək. Ölkə başçısı onu da bildirdi ki, Azərbaycanı bərpaolunan enerji mərkəzlərindən birinə çevirmək planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Ölkəmizin bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi kifayət qədər ixrac marşrutlarına da ehtiyac yaradır. İxrac marşrutlarının da yaradılması üçün paralel olaraq tədbirlər həyata keçirilir. Belə ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən Avropa Komissiyası Prezidentinin şahidliyi ilə Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanmışdır. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq”.

 

Deputat əlavə edib ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu və ölkəmizin neft-qaz sektoruna böyük sərmayələr cəlb etdiyini vurğulayıb: “Ölkə başçısı artıq Azərbaycan dövlətinin hədəfində bərpaolunan enerji sahəsinin inkişaf etdirmək olduğunu qeyd edərək “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanmasından bəhs etdi. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arsında bu razılaşma qısamüddətli bir layihədir. Lakin ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Prezident cənab İlham Əliyev bildirdi ki, “Masdar” şirkəti ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Həmçinin ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər Azərbaycana 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq”.

Xəbərlər