Siyasət 30 Mart 2023, 12:43 | Baxış sayı: 209
“Ölkəmizdə yeni idarəetmə üsulunun tətbiqi ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar martın 28-də qəbul edərək ona öz tövsiyə və tapşırıqlarını verdi.

Laçın rayonunun ölkəmizin ən böyük rayonlarından biri olduğunu deyən ölkə başçısı bildirdi ki,rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.

Cənab Prezident diqqətə çatdırdı ki, bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləribaşa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb.
Bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq.Bu mövqelərdə özümüzü gücləndiririk və bu mövqelərdə qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.

Hazırda Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmayıb və hava limanının yerini müəyyən edərkən orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Dağları kəsərək və böyük torpaq işləri həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik.

Hazırda Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilib.Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, artıq bu ilin sonuna qədər minlərlə insan Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarlarına qayıdacaqlar. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işləri cari ilin sonuna qədər başa çatdırmalıyıq.

Bununla yanaşı,Heydər Əliyev Fondunun xətti ilə Laçın şəhərində məscid inşa ediləcək.
Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Ümumiyyətlə isə, bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik.
Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Laçın, nəinki Azərbaycanda, dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcək.

Ölkə başçısı qəbulda onu da vurğuladı ki, bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir ki, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır.
Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir.

Qəbulda ölkəmizdə yeni idarəetmə üsulunun tətbiqindən danışan ölkə başçısı bildirdi ki,gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək.

Xəbərlər